Elnur Abdiyev - Səssizliyin səsi

Jest
Bu gecə üşənirəm,
səssizliyin səsi vahimə.
Xəyalından yağışlar yağır,
səssiz bir külək dolur içimə.
Küçə qollarında azıram,
bir səs,bir işıq yox bu axşam.
Hara gedim, bu kimsəsiz gecədə?
Necə edim, bu dolama-dolama,
mənə əziz küçədə?
Ən ağır addımlarımda səs salmır,
suuuss!
Hər atdığım addım altında məsafə daralmır,
əfsus.
Darılıram,
qırılıram.
Sarılıram,
xəyalımdan yağan yağış damcısına,
Kirpik-kirpik üzümü döyən,
bu su qamçısına.
Gecəyə əl uzatmaq istəyirəm,
əlim havada donur.
Bir duyğu gözümdə büdrəyir,
hıçqırır arzular,
batır səsinin tonu.
Dilim ağzımda yanır.
Bu qədər səssizlik,
bilirəm,
nə sondur,nə ilk.
Belə gedirik,
üzümüz arxaya baxa-baxa.
Arxamızda üzlər darıxa-darıxa,
səssizliklə əlbəyaxa.
Aç qapını,
Allahın altında islanan Allah qonağını,
burax,keçsin.
Xəyalından daman damlalar isladır,ruhumu.
Aç qapısın qürurunun


Sevmək
Sevmək,
bir az yaşamaqdır,
bir az yanmaqdır,
bir az da özgənin dilində islanmaqdır.
Ana,
yana bilməsəm,
boş şeydir səhərləri gözləmək,
səhərləri gözləmək,
elə sevmək.
Bir az özləyirsən,
bir az gözləyirsən,
bir az gizləyirsən,
özündə özgəni.
Bir də görürsən unudub,
özündə özün səni.
Belə sevir bəşər,
belə deyilmi?
kim anırsa,kim yanırsa,
kim bütövkən parçalanırsa,
sevə bilən odur.
Həyat sevənləri çətin unudur.
Onlar ana-ana,
yana-yana yaşayanlar.
Onların gözlərində,
sevginin yaşı durulur.
Bilirsənmi, sevginin yaşı nə demək,
Sevginin yaşı Adəmdən Həvva düzəltmək,
və sənəcən lazım gələrsə, səni qətl eləmək.
Bu qədər fədailikdir sevmək....



Getdi

Əyrilər əvvəl düzəldi,
Sonra da əyrildi getdi.
Baxdılar bundan gözəldi,
Düzlər də əyildi getdi.

Haqqa sarındı şər yumaq,
Batindən boylandı ağ - ağ.
Daha bu eşqdən nə umaq?
Ötəri meyildi getdi.

Dərd aşılandı gönündə,
Qəmin boy verdi ünündə.
Eşqin qapısı önündə,
Elnur da veyildi getdi.


****

Axşamın xeyir, gecə,
Axşamın xeyir,axşam.
Gözümü mum eyləyib,
Ürəyimin yağından,
Yandırmışam bir ağ şam.
Qapım,pəncərəm açıq,
Süzül, ey Ay işığı.
Sən gecənin gözündə,
İşıqla qaranlığın,
Yaraşıq qarışığı.
Süzül, otağım zülmət,
Durul başımın üstə.
Sonra bu pak nurunla,
Otağımda can verən,
Həsrətin bu qətlinə,
Məni şahidtək istə.
Axşamın xeyir,gecə,
Döy qapımı gəl yaxın.
Bezdirir,hər bez üzdə,
Məni səssizlik axı.


Olsam

Sözlərim tutacaq əlimdən mənim,
Cismən əldə,ruhən ayaqda olsam.
Sabah başlanacaq o diriliyim,
Bu gün bir ölüyəm oyaq da olsam.

Məni eşq doğubdur,eşq də boğacaq,
Boğulan o eşqdən min eşq yağacaq.
Sabahlar adımdan andlar doğacaq,
Məhəbbət barədə,eşq haqda olsam.

Bilirsənmi nədir, o eşq dediyin,
Qəfəsdir ruhuna dəri geydiyin.
Məni sevməyirsə,mənim sevdiyim,
Özümdən dəyəcəm dayaq da olsam.

Mən eşqi bütlərə,qəlbi lütlərə,
İdrakı kəsərsiz,ağlı kütlərə,
Sahilə çatmayan ölü fitlərə,
İşıq yandırmaram mayak da olsam.


*****

Oturub üzü qibləyə,
sözlərimi qurban kəsirəm ağ vərəqin üstündə.
Qanım qaradır deyə,
ağ vərəqdə hər qan ləkəsində,
qara günlərin boylanır,Vətən.
Sən,
dünən,
bu gün,
sabah,
təkcə,Allah bilir,vallah,
mənim səcdəgahım,
istinadgahımsan.
Bu gün yarın o tayda,
yarın bu tayda,
qurbansan bir böyük tamaha.
İlahi,bu boyda,
Vətəndən qalana bax,
zaman-zaman bizə yedizdirilən yalana bax.
Bir millət bu illəti kəsib ata bilmir.
Hərə biri qurban kəsir az qala,
qoyun qanından az qalıb boğula.
Eh,biz bu qoyunları neynəyirdik ki?
Bir dəvə yetər ki,
amma kini,
silkələyə qurbanlıq qoyunların,
səksəkəsini.
Kəsin nuş edin bu misraları da,
bu qurban gecəsində,
bir az da qarnınız toxtaya,bəlkə.
Qurbanınız qəbul olsun,
Qarabağda qurban gedənlər xətrinə...


Bitdi söyləyincə...

Bitdi söyləyincə bitdi hər nə var,
Qırıldı ümidlər qırıq səsində.
Son kərə ardınca qaçan baxışlar,
Öldü telefonun zəng düyməsində.

Qaraldı işıqlı ekran son sözlə,
Söndü taleyimtək işıqlanmadı.
Səhər doğdu Günəş gözləhagözlə,
Yeni gün başlanar,yox,başlanmadı.

Döydüm gözlərimi köçkün baxışla,
Ruhum qaçqınlaşdı,özü olmadı.
Özün de,kim kimə desin,bağışla,
Özgəni əfv edən özü olmalı.

Biz ki özümüzdə yadıq,özgəyik,
Ömrün baharında qartək ələndik.
Bu qədər yaxınkən gendən gəzirik,
Biz bizsiz tam deyil,eh,tikələndik...


Ömrümü

Necə yazım dağa,daşa,
Axıb gedən su ömrümü?
Qaqqıldaşa-qaqqıldaşa,
Keçən bu qa,qu ömrümü.

Zaman,yemə içdən məni,
Göyərməyə seç dən məni.
Al özümə köçdən məni,
Bir ömrə yaz bu ömrümü.

İkiləşib bir olum,bir.
Hər bir birdə ikiləşmir.
Məni özümlə güləşdir,
Öz tərimdə yu ömrümü.


Səssizliyin səsi

Yerin quruluşuna bənzəyirəm,
bu gün bir alov yanır nüvəmdə.
Mantiyam qabığıma od püskürür,
gözlərimi bir fəal vulkan lavası üfürür.
Yanır gözlərimdə surətin çınqı-çınqı,
alovun dilimində dilimlənir baxışlarım.
Buğum-buğum qalxır gözlərimdən xəyalın.
Eşqimin nüvəsində,siz Allah,
əriməyən duyğu tapın.
Ürəyim dözməyir,əriyir,
ruhum ruhsuz-ruhsuz kiriyir.
Və mən,
bir neçə təbəqəyəm.
Hər təbəqəm sən adlı dərsi çoxdan əzbərləyib,
təkrara ehtiyac,
yeni dərsi öyrənməyə həvəs yox.
Sənsizlik səssizliyidir ömrün,
bu səssizlikdə səssizlikdən dəhşətli səs yox...


Eroziya

Gözəlləşir hər tərəf gündən-günə,
göydələnlər ucaldılır alçaq daxmalar yerinə.
Göz əlləşir damına dırmana bilmir,
hər göydələn arxasında hər insan,
Günəşə boylana bilmir.
Nə vaxtdır Günəşi görmür,
burda Günəş çox qapıları döymür.
Burda bir adı var hər yeniliyin,
mənim şeirlərimə yazılan bəzi rəylər kimi,
gözəl,qəşəng,əla.
Duyduqca bu sözlərin səmimiyyətini,
geyindikcə o sözlərin rəngini,
öz rəngimi də unuduram az qala.
İstəyirəm,arxaya dönəm,
heç olmasa,çəpərsiz bağlara,
üstü qamışlı tövlələrə,
palçıqla suvanmış evlərə,
bir də qranitdən olmayan,
təbii torpaq qəbirlərə doyunca baxam.
Bir səs qışqırır,adam!
Burda bir yol var,
İrəli,
irəli,
irəli.
Başım gicəllənir bu eyniyyətdən,bu təkrardan.
Qonşumuz da vaxt vardı belə deyirdi:
irəli.
İndi bir başıdır,bir əli.
Bir də əliylə möhkəm tutduğu,
kəmərsiz şalvarının beli...


******

Səni Ana bilib ,Ana demişəm,
Sevgini don kimi qəlbə geymişəm.
İndi bildim sənsiz heç nə imişəm.
Necə də acıdır qürbətin,Vətən!
İncimə,mən səni heç sevmirmişəm.

Səni qarış-qarış yağmalayanda,
Düşmən dağlarını damğalayanda.
Xocalı,Kəlbəcər qan ağlayanda,
Ölmədim Şuşada sən qətl olarkən,
Məni bağışlama,əfv eləmə sən.

İndi öz evimdə qürbət dərdi var,
Mənə nə qış qışdır,nə bahar bahar.
İlahi,sən əsir elimi qurtar,
Axım o torpağa seltək gözümdən,
Silim qan ləkəsin üzündən,Vətən...


*****

Gözlərimin günahıdır çəkirəm,
illərdir qəlbimdə bir yük yeridir bu sevgi.
Hər gün bir xatirə yüklənir köhnə xatirələr üstünə.
Qəlbimdə toz basmış büstünə,
süzürəm qədəh gözlərimdən adını.
Yuyunur xatirələr,ələndikcə günlər,
qəlbimdə yük yerində,
sənsizlik adlı bir nəsnə sənə bürünər.
Xəyalımın aynası gözlərim xiffətdən çatlayır,
duyğularımın balası sözlərim həsrətdən qanayır.
Oynayır aramızda bir ara,
qəlbimdə sənin sənsizliyindən,
asılıb çəkilirəm dara.
Hər duyğum sanki hacda şeytana daş atırmış kimi,
yenidən doğulur.
Hər doğulan duyğunda,
eyni lövhə,eyni qələmdir,Elnur...


Sən yoxsan

Sən yoxsan,
otaqda divarlar da üşüyür.
Gözlərim çalxalanan dəniz kimidir.
Kirpiklərim gözlərimin sahilində də avar çəkir.
Sən yoxsan,
Günəş də tələsir qüruba sarı
uçulmaq istəmir gecənin çəpəri,
sübhün dan adlı hasarı.
Sən yoxsan,
ayaqlarım dinləmir qəlbimi,
cızır asfalt üstündə özünün yöndəmsiz kölgəsini.
Gedir addımlarım məndən uzaqlaşa-uzaqlaşa,
gedir hardasa bir xəyalla,bəlkə,qucaqlaşa.
Gedir addımlarım səsimə səs verməyə-verməyə.
baxıram öndə sənsizlik,
arxada sənin yerində hasarı tikanlı məftilli türməyə.
Dilim qıfıllanır,qolum qandallanır,
ağlımda gözlərim bulanır.
Bu ağac ömrüm sənin yoxluğunda,
gör necə qəddar-qəddar budanır?
Sən yoxsan,
elə mən də yox kimi quru bir bədənəm,
sadəcə,gəzirəm öz əynimdə.
Sən neyləyərdin söylə,
yaşayardınmı,olsaydın mənim yerimdə?