Azərbaycan Tibb Universitetində (ATU) əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir.
ATU-dan ANS PRESS-ə bildirilib ki, belə tədbirlər sırasında bu gün Universitetin Böyük Elmi Şurasında əməkdaşların əmək haqqının artırılması haqqında qəbul edilmiş qərarı xüsusi qeyd etmək lazımdır. Bu qərar "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanı və "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilırin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi barədə” Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarına əsasən verilmişdir.
Qərara əsasən, aprelin 1-dən etibarən ATU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor – müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb. Bundan sonra fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750 manat əmək haqqı alacaqlar.
Ümumilikdə əmək haqqı artımı universitetin bütün əməkdaşlarına o, cümlədən 1200 nəfər professor-müəllim heyətinə şamil edilib.
Belə ki, son əmək haqqı artımından sonra Tibb Universitetində professor - müəllim heyətinin orta aylıq əmək haqqı 1100 manata çatıb.
Son illər ATU-da əməkdaşların maddi rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və elmi-pedaqoji fəaliyyətlərinin stimullaşdırması məqsədilə əmək haqqlarının artırılması ənənə halını almışdır. Belə ki, yalnız 2014-cü ildə Böyük Elmi Şuranın qərarı ilə universitet əməkdaşlarının əmək haqqı iki müxtəlif vaxtda artırılıb.
Həmçinin universitetdə bir qrup əməkdaşın əmək haqqı peşəkarlıq qabiliyyətlərinə, elmi-pedaqoji fəaliyyətlərinə və bu sahədə əldə etdikləri nailiyyətlərə görə differensiasiya yolu ilə artırılıb.
ATU-da əməkdaşların əmək haqqının artırılması haqqında olan bu qərar Novruz bayramı ərəfəsində kollektiv üçün ikiqat bayram sevinci yaradıb.