Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl rusiyalı tanınmışlar Timur Temirov və Soso Pavliaşvili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər.
sabahinfo.Az-ın Axşam.az-a istinadən məlumatına görə, onların Azərbaycanın qara siyahısından çıxarılması ilə bağlı xəbərə müğənni-bəstəkar Emin Ağalarov münasibət bilirib.
İfaçı "1news.az”a açıqlamasında Soso Pavliaşvilinin Azərbaycanda konsertini təşkil edəcəyini deyib:
"Bu insanların Azərbaycana gəlməsinə icazə verilən rəsmi kağızlar var. Bu məsələyə münasibətim belədir – hər iki sənətçi Azərbaycanla bağlı fikirlərini bölüşüb. Əgər onlar Bakıya gəlməyə hazırlaşırlarsa, deməli, səhvlərini başa düşüb, tutduqları mövqeyə görə, tam cavabdehlik daşıdıqlarını bilirlər.
Həmvətənlərimi qonaqpərvər və tolerant olmağa səsləyirəm. Səbirli olub, onların Azərbaycana gəlişini və hiss etdiklərini Bakıda özlərinin demələrini gözləsinlər. Payızın sonu, qışın ilk aylarında mən və komandam tərəfindən Bakıda Soso Pavliaşvilinin konserti təşkil ediləcək. Ümid edirəm ki, özüm də bu xeyriyyə tədbirdə iştirak edə biləcəyəm. Bu təklif Sosonun özündən gəlib. Konsertdə satılacaq biletlərin pulu xəstə uşaqların müalicəsinə sərf olunacaq.
Onun gəlişini istəməyən və KİV vasitəsiylə hər kəsi konsertə getməməyə səsləyən, damarında azərbaycanlı qanı axan hər kəsə müraciət etmək istəyirəm. Mənim damarlarımdan müsəlman, Azərbaycan qanı axır və mən bu konsertin təşkilatçısıyam. Hər kəsi bu istedadlı insanın konsertinə gəlib, zövq almağa çağırıram. Hətta deyim ki, Soso 2017-ci ildə baş tutacaq "Jara” festivalının qonağı olacaq.
Soso Azərbaycanı çox sevir, hər zaman hər yerdə ölkəmiz haqda müsbət fikirlər deyir. Əminəm ki, onun Bakı səfəri zamanı həmvətənlərim bunun şahidi olacaqlar. Hər kəsi sakit olmağa səsləyirəm, musiqi və dostluq bizi xoşbəxt edəcək”.