Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra dünyanın əksər dövlətləri ilə ikitərəfli münasibətlər yarandı və formalaşdı. Bu münasibətlər Ermənistanın apardığı ədalətsiz müharibə dövründə də azalmadı. Qarşılıqlı etimad, qarşılıqlı inam bu münasibətlərin həm mahiyyətini tarazlayırdı, həm də istiqamətlərini genişləndirirdi. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri mövcud etimadı da, inamı da yüksəltdi. Azərbaycanda kifayət qədər nüfuzlu beynəlxalq tədbirlər həyata keçirildi və keçirilməkdədir.
Aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum keçirildi. Bu forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Bu çıxış təkcə forumun işini istiqamətləndirməyə yönəldilməmişdi. Bu çıxış müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupunun mühüm məsələləri müzakirə etmək üçün Azərbaycana yeddinci dəfə gəldiyini xatırlatmaqla dünyanın nizamı baxımından Azərbaycan gerçəklikləri haqqında daha bir gərəkli informativ bilgivermə missiyası idi.
Azərbaycanın qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurduğunu vurğulayan dövlət başçımız çıxışında dedi: “...Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaratmışıq. Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, hamımıza fayda verəcək. Bu yaxınlarda - altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzaladıq. Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. Hələ ki, söhbət neft və qazdan gedir. Lakin yaşıl enerjidən elektrik enerjisi yaradılacaq. Bir neçə gün bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ənənəvi iclası keçirilmişdir. Onun gündəliyinin bir qismi yaşıl enerjiyə həsr olunmuşdur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir”.
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatdığını da, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu da iştirakçıların diqqətinə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumu formatında çıxışında qeyd etdi ki, “...Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və onlara müsbət cavab verdik. Beləliklə, Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq”.
Müharibənin Azərbaycan tərəfindən bütün beynəlxalq qaydalara və dəyərlərə uyğun aparıldığını, Ermənistanın bəşəriliyə düşmən dövlətlərdən sülhə zərrəcə uyğun olmayan məsləhətlər aldığını, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb olmadığını, Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşdiyini, Azərbaycanın Qoşulmama Hərəkatında yaxşı irs qoyduğunu diqqətə çatdıran, Türkiyə və İsrailin Azərbaycanın yaxın dostu olduğunu qürurla bildirən dövlət başçımız Xanım Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən şərhlərə də münasibət bildirərək dedi: “O, orada özlərinin Avropanın “qlobal qapısı” adlandırdıqları Orta Dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına toxunub. Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı – bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır. Gürcüstan haqqında isə bir kəlmə belə deyilmədi. Sanki Gürcüstan mövcud deyil. Bu, ədalətsizlikdir. Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik”.
ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum Azərbaycanın dünyəvi dövlət kimi formalaşdığını, bu baxımdan dünyəvi ehtiramlarla, inamla əhatələndiyinin təsdiqi kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumda çıxışı bəşəri dövlətçiliyin şərti kimi qəbul edilməlidir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı