"Tarixən "İpək Yolu” Şərq və Qərb arasında əsas mədəniyyət mübadiləsi rolunu oynayıb. Müasir dövrdə də bu tarixi yol mədəniyyətlərarası dialoqa öz töfhəsini verməkdədir. Eyni zamanda, "İpək Yolu”nun potensial imkanlarından həm mədəniyyətlərərarası əlaqələrin genişlənməsində, həm də inkişafında daha səmərəli istifadə etmək olar”.
Bu sözləri Bakıda keçirilən "III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” çərçivəsində "İpək Yolu dialoq və mübadilə üçün əsas yoldur: İpək Yolunun təçəbbüsləri və mədəniyyətlərarası dialoq üçün potensial özləllikləri” mövzusunda keçirilən müzakirələr zamanı "Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı”nın sədri, millət vəkili Fuad Muradov bildirib.
F. Muradov qeyd edib ki, müasir dövdə məhz tarixi ənənələrin bərpası, dialoq və mübadilə istiqamətində istifadə edilməsi zəruri haldır.
"Bu məqsədlə 2012-ci ildə Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı təsis edildi. İttifaqa üzv olan 30 ölkə tarixi "İpək Yolu” üzərində yerləşməklə yanaşı Asia ilə Avropanın dövlətlərinin gənclərini özündə birləşdirir. İttifaq çərçivəsində həyata keçirilən layihlər müxtəlif mədəniyyətlərə malik olan ölkələrin gənclərini ortaq dəyərlər ətrafında toplaşmağa və ümumi məqsədlər üçün çalışmağa sövq edir”.
Millət vəkili həmçinin ortaq dialoq və mübadilə proqramlarının həyata keçirildiyini, bununla da qlobal mədəniyyətlərin münaqişəsinin aradan qaldırılması istiqamətində təşkilatın rolundan da danışıb.
"Bu gün hadisələrə tarixi aspektdən yanaşılması və bunu müasir çalarlarla əlaqələndirilməsi beynəlxalq aləmdə sülh və təhlükəsizliyin təminatına əsas verən mühüm amilərdəndir. Belə ki, bəzən tarixi ənənələrdə mövcud olan yanlışlıqların araşdırılmaması müxtəlif qarşıdurmalara səbəb olur və insanlıq bundan ziyan çəkir. Odur ki, qarşılıqlı anlaşma və mövcud problemlərin birgə həlli istiqamətində aparılan müzakirələr müsbət nəticələr verir. Bu isə öz növbəsində mövcud münaqişələrin aradan qaldırılmasında mühüm rol oynayır”.