Generalın da adının hallandığı iki məhkumun qaçmasını “Lotu Quli” təşkil edib

Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədovun qaçması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Faktla bağlı vəzifələrinin icrası zamanı səhlənkarlığa yol vermiş Penitensiar Xidmətin əməkdaşları - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

Bu hadisəyə görə, general-mayorun başının "ağrıyacağı” istisna edilmir.
Kriminal aləmdə avtoritet tanınan Ə.Ağaminin "Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir və son hadisələr də bunu təsdiqləyir...

"Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır. Məlum olub ki, o, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb. "Maloletka”da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. "Qoca”nın həbsxanada "nadzor”u qətlə yetirməsi kriminal aləmdə səs-küyə səbəb olub. Təkcə Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən onun avtoriteti qəbul edilib.
Hazırda qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs Lənkərandan Bakıya gətirilərkən, oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında qatardan düşürülən zaman qaçıblar. Onların qaçması "Bakı Vağzalı”nda aşkarlanıb. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Əldə etdiyimiz digər məlumata görə, hər iki şəxs eyni cinayətdə ittiham olunur. Qanunvericiliyə görə isə eyni cinayətdə təqsirləndirilən şəxslər eyni yerdə daşına bilməz...
Ən ilginc olanı oktyabrın 24-də Lənkəranda hökm oxunacaq şəxslərin oktyabrın 23-də Bakıya hansı məqsədlə gətirilməsidir...

Gələk, oktyabrın 24-də gündəmdə bomba effekti yaradan "Lotu Quli”nin həbsdən buraxılmasına. Rəsmi təsdiqlənməsə də, artıq məlum olub ki, Nadir Səlifovun vəkilləri onun vaxtından əvvəl şərti azadlığa buraxılması üçün apelyasiya şikayəti verib. Oktyabrın 24-də Qaradağ rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə şikayət təmin olunub və "Lotu Quli” vaxtından əvvəl şərti azadlığa buraxılıb.
Moderen.az-a daxil olan məlumata görə, 3 gündür ölkə gündəmini zəbt edən hər iki məsələ bir-birilə bağlıdır. Mənbə bildirir ki, Əli Ağami və Etibar Məmmədovun qaçmasını məhz "Lotu Quli” təşkil edib. "Lotu Quli”nin harada olmasına gəlincə, mənbə bunları qeyd edir:

"O, hazırda nə Azərbaycan, nə də Gürcüstan vətəndaşıdır. Onun şəxsiyyət vəsiqəsi belə, Gürcüstan tərəfindən verilən köhnə sovet pasportudur. Bu məlumatlar onun sərhəddi keçməsinə imkan vermir”.
Amma bütün deyilənlərə baxmayaraq, həbs müddətinin bitməsinə 4 il qalmış, həm də müəmmalı şəkildə azadlığa buraxılan "Lotu Quli”nin əlinin "uzun” olduğu görünür... Yoxsa həbsdə ola-ola digər iki təqsirləndirilən şəxsin qaçmasını təşkil edə bilməzdi. Digər versiyaya görə, hər üç şəxsin Gürcüstanda olma ehtimalı böyükdür...
Səsləndirilən bütün versiyalara rəğmən isə rəsmi qurumlar hələ də susur...