Heydər Əliyev və Azərbaycan Təhsili

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində elm və təhsilə yüksək qayğı ilə yanaşmışdır Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. Hər bir xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək dünya miqyasında layiqli yer tutmaq imkanı qazanır. Bəşər tarixində silinməz iz qoymuş böyük şəxsiyyətlərin elmə və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev də idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqımızın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndərimiz milli təhsilimizin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Sivil dünya gerçəklikləri ilə çuğlaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olmuşdur. Cəmiyyətin tərəqqisinin, elm, mədəniyyət və mənəviyyatın inkişafının ən qüdrətli vasitəsi rolunu oynayan elm və təhsilə qayğının artırılması, bu işə dövlət siyasətinin üstün istiqaməti kimi yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş epoxasının ümdə qayəsini ifadə edən önəmli cəhət kimi bu gün də böyük rəğbətlə xatırlanır. Məhz bu amil ötən əsrin 70-ci illərindən başlayaraq, Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin inkaredilməz gerçəkliyinə çevrilmişdir. Böyük strateq mövcud ideologiyanın qəlibləri çərçivəsində belə, Azərbaycanda milli təhsil sisteminin sıxışdırılmasına yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Heydər Əliyev dühasının böyüklüyü də məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Ulu öndərin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi nəticəsində həmin illərdə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. Ümummilli lider Heydər Əliyevin 70-ci illərdə minlərlə azərbaycanlı gəncin respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. Respublikaya birinci rəhbərliyi dövründə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar kadrların hazırlanması, dövlət idarəçiliyi sisteminin sağlamlaşdırılması məsələlərinə ciddi fikir vermişdir. Əslində, ulu öndər bu nəcib niyyəti hələ Dövlət Təhlükəsizlik Komitəsində (DTK) çalışdığı illərdə qarşıya məqsəd qoymuş, müəyyən risklərə rəğmən, kadrların milliləşdirilməsi vacibliyini irəli çəkmişdir. DTKya uzun onilliklər qeyri-azərbaycanlının rəhbərlik etməsi ilə bağlı qəlibləşən stereotipləri öz nüfuzu və bacarığı hesabına dağıdan Heydər Əliyev həm də o dövrdə "beynəlmiləlçilik” pərdəsi altında milli dəyərlərin aşınması prosesinin qarşısını almışdır. Ölkənin ən böyük nəzarət orqanı olan və milli özünüdərkin bütün rüşeymlərinə qarşı amansız mübarizə aparan qurum qısa müddət ərzində mahiyyətcə yeniləşmiş və fəaliyyətində liberal çalarlar artmışdı. Qeyri-azərbaycanlıların ağalıq etdiyi DTK-da az bir vaxt ərzində şəxsi heyət azərbaycanlıların xeyrinə dəyişdirilmiş, bu orqan demək olar, azərbaycanlılaşdırılmışdı. Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə – informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. – mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Ümummilli lider bu ali məktəblərdə müsabiqədənkənar oxumağa gedən gənclərin sayının ildən-ilə artırılmasına Moskvadan böyük inadkarlıqla icazə alır, onların təhsilinin ümumittifaq büdcəsindən maliyyələşdirilməsinə nail olur, həmin gənclərin məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi. Ulu öndər həmin illərdə müttəfiq respublikalarda, əsasən də Rusiyada təhsil almaq hüququ qazanan gənclərin yüksək səviyyədə yola salınması və qarşılanmasını da müsbət ənənə kimi formalaşdırmışdı. Böyük strateq sonralar qeyd edirdi ki, 70-80-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq 261 Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur. Ulu öndər Heydər Əliyev milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını da ciddi vəzifə kimi müəyyənləşdirmiş, bu sahədə aparılacaq islahatların mahiyyətini açıqlamışdır. Ümummilli liderin irəli sürdüyü təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatı baxımından vətəndaşların təhsil hüququnun reallaşdırılmasına böyük önəm verdiyini çıxışlarında hər zaman xüsusi vurğulamışdır. Təhsil hüququ 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş, Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın vacib hüquqlarından biri kimi elan olunmuşdur. Dövlət vətəndaşların pulsuz icbari, ümumi və orta təhsil almaq hüququnu təmin edir. Konstitusiyanın bu müddəası Azərbaycan Respublikasında təhsil fəaliyyətinin əsas prinsipidir. Hər bir mütərəqqi islahatın uğuru, şübhəsiz, onun ictimai şüurla nə dərəcədə səsləşməsi, cəmiyyət tərəfindən qəbul olunub-olunmamasından bilavasitə asılıdır. Bu gerçəklikdən çıxış edən ulu öndər Heydər Əliyev ilk gündən milli təhsil sistemində islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış etmiş, bu mövzuda ictimai müzakirələrin açılmasına nail olmuşdur. "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır…Təhsil qanunu elə bir qanundur ki, təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır” – deyən ulu öndər Heydər Əliyev bu məsələyə böyük həssaslıqla yanaşdığını nümayiş etdirmişdir. Heydər Əliyevin 30 mart 1998-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında” sərəncamında müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsi, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi kimi mühüm vəzifələr önə çəkilmişdir. 15 iyun 1999-cu il tarixdə ulu öndər tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında Təhsil İslahat Proqramı”nın əsas mahiyyətini isə təhsil sistemində islahatların təkamül yolu ilə, mərhələlərlə aparılması, tarixən formalaşmış zəngin, mütərəqqi ənənələrin, təcrübənin qorunub saxlanılması, dünya təhsil sisteminin Azərbaycanın milli xüsusiyyətləri ilə çuğlaşan prinsiplərinin tətbiqi məsələləri təşkil edir. İslahat proqramının həyata keçirilməsi nəticəsində təhsilin məzmunu yeniləşdirilmiş, yeni proqramlar və dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə standartların hazırlanması istiqamətində ciddi iş aparılmışdır. Ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2003-cü il tarixli fərmanı isə təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmışdır.  Dövlət başçısı daim vurğulayır ki, xalqımızın gələcək inkişafı təbii sərvətlərlə deyil, məhz intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə xalqın intellektual sabahına xidmət edir. Ölkədə həyata keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, insan kapitalının formalaşmasına xidmət etməlidir. "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir” – deyən dövlət başçısının müəyyənləşdirdiyi sosialiqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Müqayisə üçün bildirək ki, 2003-cü ildə təhsilə cəmi 243 milyon, 2004-cü ildə 308 milyon, 2005-ci ildə 378 milyon, 2006-cı ildə 498 milyon, 2007-ci ildə 758 milyon manat ayrılmışdısa, 2008-ci ildə bu rəqəm 1,1 milyon manata, 2009-cu ildə 1,2 milyard manata yüksəlmişdir. 2010-cu ilin dövlət büdcəsində isə təhsil xərcləri üçün 1 milyard 276,7 milyon manat vəsait nəzərdə tutulmuşdur və bu da 2009-cu illə müqayisədə 0,3 faiz çoxdur. Azərbaycan Prezidentinin 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Sərəncamı da təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin təzahürü sayıla bilər. Belə bir sərəncamın imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək 262 nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır. Sərəncama əsasən, müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumtəhsil məktəbləri üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla müsabiqə əsasında 50 ən yaxşı ümumtəhsil məktəbinin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10 min manat və 100 ən yaxşı müəllimin hər birinə 5 min manat məbləğində birdəfəlik mükafat təsis olunmuşdur. Avroatlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi və "Boloniya prosesi”nə keçidin təmini, ümumtəhsil məktəblərində tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompyuter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni məktəblərin inşası kimi fundamental problemlərin həlli də son 6 ildə dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur. Dövlət başçısı ötən illərdə imzaladığı çoxsaylı mühüm fərman və sərəncamlarla, dövlət proqramları ilə Azərbaycan elminin və təhsilinin hamisi olduğunu praktik surətdə təsdiqləmişdir. Təhsil bilik, müasirlik, savad, gələcəyə açılmış qapılar deməkdir. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolunu məhz məktəblərin ən müasir tələblər səviyyəsinə çatdırılmasında görür. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda təhsil sahəsində özünü göstərən qlobal problemlər əsaslı surətdə aradan qalxacaq, milli təhsilimizin keyfiyyəti daha da yüksələcəkdir.

Vaqif Abbasov

Akademik, Kimya elmləri doktoru,  professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru.