“İhlas”dan işdən çıxarılan azərbaycanlı jurnalistlə bağlı açıqlama

Türkiyənin "İhlas” Xəbər Agentliyinin (İHA) Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın və Türkiyənin maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb.

Jurnalistin özü bunu "İhlas” rəhbərliyinin Moskvadan gələn tələb qarşılığında etdiyini bildirib.

Məsələ ilə bağlı İHA-nın baş ofisindən açıqlama verilib.

Sözügedən agentliyin mətbuat xidmətindən bildirilib ki, Fuad Abbasovla onların heç bir şəxsi problemi olmayıb. Buna baxmayaraq, son zamanlarda Fuad Abbasovla əməkdaşlığa ehtiyac qalmadığı söylənilib.

"Biz onunla yaxşı işləyirdik. Amma son vaxtlar onunla işləmək ehtiyacını hiss etmədik. Bu səbəbdən də biz Fuad Abbasovu işdən çıxardıq”.

Qeyd olunub ki, Fuad Abbasov İHA-nı tələb olunan videokadrlarla təmin etməyib.

"İHA-nın dünyanın hər tərəfində müxbirləri var və onlar videogörüntü ilə agentliyi təmin edirlər. Biz görüntüyə çox böyük önəm verən xəbər agentliyik. Amma videokadrların hazırlanması məsələsində bir çox nöqsanlar var idi. Buna görə də, Fuad bəylə işləməməyə qərar verdik. Özündən həmişə məmnun olmuşuq. Heç bir problemimiz olmayıb”.

"Bəs digər səbəb Fuad Abbasovun Rusiya televiziyalarında Türkiyəni açıq şəkildə müdafiə etməsi deyil ki” sualına isə İHA-dan belə cavab verilib:

"Belə bir səbəb yoxdur. Fuad Abbasov onsuz da həmişə Rusiya telekanallarında çıxışlar edib. Çox gözəl şəkildə də Türkiyəni və Azərbaycanı müdafiə edirdi. Bu məsələdə bizim onunla hər hansı problemimiz olmayıb”.

modern.az