Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Malta
Respublikasının Baş naziri Cozef Muskatı qəbul edib. Azərbaycan ilə
Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini
vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın davam
etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Baş
nazir Cozef Muskatın ölkəmizə son səfərindən sonra əlaqələrimizin
müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu,
turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın
yarandığını dedi. Malta Respublikasının Baş naziri Cozef Muskat
ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı
olduğunu dedi. Ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu
vurğulayan Baş nazir Azərbaycanda gedən bu müsbət proseslərə Avropa
tərəfindən obyektiv qiymət verilməsinə tərəfdar olduğunu bildirdi.
Görüşdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi
qeyd olundu, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə
inkişafı, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparıldı.