Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qəbul edib.
BMT ilə uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını bildirən Babatunde Osotimehin əlaqələrimizin inkişaf etdirilməsinə Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən məmnunluğunu ifadə etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə BMT-nin Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransında iştirak etdiyini böyük ehtiramla xatırlayan Babatunde Osotimehin ölkəmizin insan haqları və uşaq hüquqları məsələsində böyük nailiyyətlər qazandığını və gender bərabərliyinə, qadın və ana hüquqlarının qorunmasına önəm verdiyini vurğuladı, Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək dəyərləndirdi. Ölkəmizin əlverişli coğrafi mövqeyinə və əldə etdiyi uğurlara toxunan qonaq Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da rolunu xüsusi qeyd etdi. Təmsil etdiyi təşkilatın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Babatunde Osotimehin birgə proqramların hazırlanılmasının və BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlığın əhəmiyyətini vurğuladı. O, ölkəmiz ilə təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını dedi.
Dövlətimizin başçısı ölkəmiz haqqında və əldə olunan nailiyyətlərlə bağlı dediyi xoş sözlərə görə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən müddət ərzində sosial siyasətin həmişə prioritet məsələlərdən biri olduğunu və əsas diqqətin ölkənin ehtiyaclarının ödənilməsinə yönəldiyini qeyd etdi. Sosial siyasətin icra olunmasında iqtisadiyyatın rolunu xüsusi qeyd edən dövlətimizin başçısı bildirdi ki, güclü iqtisadiyyat olmadan sosial proqramların həyata keçirilməsi mümkün deyildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda insanların gündəlik həyatına mənfi təsir göstərmədən iqtisadi islahatlar həyata keçirilməklə sosial proqramlar da paralel olaraq icra edildi və nəticədə iqtisadiyyat gücləndikcə insanların həyat şəraiti də yaxşılaşmağa başladı. Səhiyyə sahəsində islahatlara toxunan dövlətimizin başçısı ölkədə 500-dən artıq müasir xəstəxananın inşa olunaraq ən yeni tibbi avadanlıqla təchiz edildiyini, hər il milyonlarla insanın pulsuz tibbi müayinə olunduğunu vurğulayaraq bütün bunları ölkədə həyata keçirilən sosial siyasətin əhəmiyyətli bir hissəsi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə əməkdaşlığı müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu dedi.
Sonra Babatunde Osotimehin BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərdiyinə, eləcə də Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətlərinə görə BMT-nin Əhali Fondu adından mükafatı Prezident İlham Əliyevə təqdim etdi.