İlhamə Quliyeva köməkçisini necə bıçaqlayıb? - “Dedi ki, bunu lüt soyundurub...”

Mərhum İlhamə Quliyevanın köməkçisinin məhkəməsi yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Mehriban Hüseynova sonuncu prosesdə geniş ifadə verib.

sabahinfo.Az musavat.com-a istinadən bildirir ki, İlhamə Quliyevanın köməkçisi və prodüsseri olmuş Mehriban Hüseynova mərhum xalq artistinin əmlakını hazırladığı saxta vəsiyyətnamə ilə mənimsəməkdə öz adına keçirməkdə təqsirləndirilərək həbs edilib. İlhamə Quliyevanın ölümündən 4 ay əvvəl həbs olunan köməkçisi özünü təqsirli bilməyərək xalq artistinin oğlu Orxan və onun dostu Vüqar tərəfindən şərləndiyini deyir.

Bildirək ki, İlhamə Quliyevanın oğlunun dostu olan Vüqar bir müddət əvvəl dələduzluğa görə həbs edilib və barəsində hökm çıxarılıb.

Hakim Səbuhi Hüseynovun sədrliyii lə keçirilən prosesdə Mehriban Hüseynova geniş ifadə verib. O, İlhamə Quliyeva ilə tanışlığından, diz çökdürülərək viedosunun çəkilməsindən və həbsdən sonra yaşadıqlarını məhkəmə qarşısında danışıb.

İlhamə Quliyeva ilə ilk tanışlıq

M.Hüseynova deyib ki, İlahmə Quliyevanı 9 il əvvəl tanıyıb: "İlhamə Quliyevanı tədbirlərdə iştirak edəndə görmüşəm. Tanışlığımızdan sonra İlhamə xanım bir neçə dəfə bizim evdə qonaq da olub. İlhamə xanım təklif elədi ki, prodüser-köməkçi kimi onunla işləyim. Mən onun yanında işə başlayanda oğlu Orxanla belə münasibəti yox idi. Deyirdi ki, səndən başqasına etibarım yoxdur. Mən xahiş edirdim ki, oğlu və gəlini ilə görüşsün.
Sonra İlhamə xanımın vəziyyəti ağırlaşdı. Yanından ayrılmağımı istəmirdi. Evə getməyimə də icazə vermirdi. Mənim işlərim olduğu üçün mütləq getməli idim. Anam da xəstə idi. Ancaq məni buraxmırdı. Bir neçə dəfə zəng elədi ki, evdən üzüyü, qızılları oğurlanıb. Bunu mən evdən ayrılmayım deyə edirdi. Sonra evə qayıdanda baxırdım ki, itib dediyi üzüyü barmağındadır. Soruşanda da deyirdi ki, evdə qoyduğu yerdən tapıb.
Mənim anam rəhmətə gedəndən sonra İlhamə dedi ki, "mən də təkəm. Yanımda qal". Vəziyyəti ağırlaşanda Mərkəzi Neftçilər Xəstəxanasına apardıq. Bir müddət orada saxladıq. Özüm aylarla onun müayinəsini etmişəm".

"Hər gün ayaqlarına qulluq edirdim"

M.Hüseynovanın sözlərinə görə, İlhamə Quliyeva ilə arasındakı münasibətlər gün keçdikcə daha da yaxşılaşıb. Və bir müddət sonra İlhamə Quliyeva ona baş etibarnamə verərək bütün işlərini görməsini istəyib: "Mənə bacı deyirdi. Hər gün ayaqlarına qulluq edirdim. Məndən başqa etibar etdiyi heç kimin olmadığını dedi. Mənə baş etibarnamə vermək istədiyini dedi. Ancaq aramızda qalmasını, gizli olmasını istədi. Qohumları belə zəng edəndə telefonu açmırdı. Mənə deyirdi ki, "aç və burada olmadığımı de"".

"Dedilər ki, ayaqları kəsilməlidir"

Mehriban Hüseynova İlhamə Quliyevanın vəziyyəti ağırlaşdıqdan sonra Türkiyəyə getdiklərini və bir neçə ay orada yaşadıqlarını deyib: "Bakıda İlhaməni həkimə aparanda dedilər ki, vəziyyəti pisdir və ayaqları kəsilməlidir. Təcili Türkiyəyə apardıq. Orada müalicə almağa başladı. 3 dəfə əməliyyat olundu. Həkimlər deyirdi ki, Mehriban quluq etməsə idi vəziyəti daha da ağırlaşa bilərdi. İlhamə dedi ki, heç kimə xəstə olduğunu deməyim. Hər kəsə demişdi ki, Avropaya istirahətə getmişik".

İlhamə Quliyevanın evi 330 minə satılıb

M.Hüseynova onu da bildirib ki, İlhamə Quliyevanın ona verdiyi etibarnamə əsasında xalq artistinə məxsus evi 330 min manata satıb. Həmin pulu evdə saxladıqlarını deyən M.Hüseynova hər gün pulu saydığını bildirib: "Pulu saymaqdan bezmişdim. Deyirdim ki, banka qoyaq".

Təqsirləndirilən şəxs daha saonra Orxan və onun dostu ilə aralarında yaşananlardan danışıb.

"Bakıya qayıdandan Orxan öyrəndi ki, anası mənə baş etibarnamə verib və əmlakını mənə bağışlamaq istəyir. Bir müddət sonra onun dostu Vüqar zəng elədi. Dedi ki, İlhamə Quliyeva ilə görüşmək istəyir. Oğlunun dələduzluq etdiyini və 95 min borcunun olduğunu söylədi. Şantaj elədi ki, pulu verməsə, bu haqda məlumatı mətbuata ötürəcək. İlhamə ilə görüşəndə onu özünə inandıra bildi. Razılaşdılar ki, 10 min manatı İlhamə ona versin. Firuzə İbadovada İlhamə xanımın 10 min manatı var idi. Onu alıb Vüqara verdik. Sonra İlhamə xanım özü də Vüqardan şübhələndi. Mən də dedim ki, onu yoxlayaraq. Mən sonradan bildim ki, Vüqarla Orxan mənə qarşı plan qurub".

Mehriban Hüseynova tələ qurarkən tələyə düşüb

Müttəhimlər kürsüsündə olan M.Hüseynova deyir ki, Vüqarla bir neçə dəfə görüşüb. Məqsədi isə onun planlarını ifşa etmək olub.

"Mən Vüqarla görüşüb, nə istədiyini soruşdum. Mənə dedi ki, əlimdə olan baş etibarnamədən istifadə edərək vəsiyyətnamə düzəldək. Mən özüm onun işinin üstünü açmaq üçün razılaşdım. Dedi ki, 4 min pul lazımdır ki, notariusda saxta vəziyyətnamə düzəltsin. İlhamənin imzasını isə özü tanışına çəkdirəcəkdi. Məndən həmin etibanaməni imzalamağımı istədi. Mən də onunla görüşdə İlhamənin əleyhinə danışırdım ki, məqsədlərinin nə olduğunu öyrənim. Deməli Vüqar mənim bu dediklərimi diktafona yazıb. Mən onu tələyə salmaq istəyərkən, onun tələsinə düşmüşəm. Məni qabaqlayıb bütün bunları İlhamə Quliyevaya çatdırıb. Ona deyiblər ki, İlhamə sənin əmlakını ələ keçirmək üçün saxta vəsiyyətnamə hazırlayır. İlhamə Quliyevanı öldürmək üçün dərmanları da Vüqar təklif etmişdi. Ancaq səs yazısında mən danışan hissəsini İlhaməyə dinlətdiriblər".

M.Hüseynova deyir ki, bundan sonra İlhamə Quliyeva onu evinə çağırıb və həmin qalmaqallı vidoegörüntü çəkilib. Onu döyüb və diz çökdürərək İlhamə Quliyevadan üzr istədiblər.

"İlhamə zəng edib məni yanına çağırdı. Dedi ki, mənim haqqımda ona məlumatlar veriblər. Mən də gözləməsini, səbr etməsini və hər şeyin üstünü açacağımı dedim".

Vüqarın əməlləri barəsində DİN-də çalışan qohumu İlqar Nağıyevə də məlumat verib. Qohumu isə ona məsləhət görüb ki, Orxan və Vüqardan özünü qorusun.

"İlhamə bıçağı atdı, buduma girdi"

Yaşananların davamını danışan Mehriban Hüseynova İlhamə Quliyevanın onu evinə çağırdığını və orada bıçaqlandığını deyib.

"Evə gedəndə Orxan, Vüqar və İlhaməni gördüm. Vüqarla Orxan məni döydü. Orxan dedi ki, bunu evə yox, başqa yerə aparıb lüt soyundurmaq, videosunu çəkmək, sonra da internetdə camaata göstərmək lazımdır. Səs yazılarına qulaq asırdılar. Sonra İlhamənin yanında oturanda əlinə taxta bıçağı götürüb möhkəm başıma vurdu. Yanında qaçanda bıçağı atdı, buduma girdi. Bədənimdən isti qan axdığını hiss elədim. Özümü itirdim. Gecə saat 2-yə qədər orda qaldım. Orxanla Vüqar məni döydü. Evə qayıdanda ərim vəziyyəti gördü. Ona heç kimə heç nə deməməsini söylədim. Gələndə mənə demişdilər ki, nə olubsa, aramızda qalsın, yoxa məni tutduracaqlar. Sonra İlhamə ərimə zəng elədi. Ona dedi ki, Mehribanı öldür. Nə lazmdırsa, edəcək, onun arxasında duracaq"- deyə o, ifadəsinə əlavə edib.

"İlhamə mənə şillə vurduğu üçün onun əlindən öpdü"

Hadisədən bir neçə gün sonra İlhamə Quliyeva Mehribana zəng edərək evinə çağırıb. Mehriban deyir ki, xalq artisti onu barışıq üçün evinə dəvət edib. Ancaq gedəndə başqa mənzərə ilə qarşılaşıb: "Qapı açılan kimi Kəmalə qarşıma çıxdı. Sifətimə iki şillə vurdu. Özümü itridim. Vüqar çantamı alıb yerə boşaltdı. Telefonumu və pulumu götürdü. Faiq Ələkbərli, Orxan, Vüqar da orda idi. Yenə məni təhqir eləməyə başaldılar. İlhamə mənə şillə vurduğu üçün Kəmalənin əlindən iki dəfə öpdü. Məni bir otağa salıb, dedilər ki, diz çöküm. Vüqar diz çöküb, İlhamədən üzr istəməyimi istədi. Faiq də telefonla çəkirdi. Xahiş elədim ki, çəkməsin. Amma əl çəkmədilər. Həmin səs yazılarında İlhaməni söymüşdüm. Dedim ki, bir böyük kimi onu söydüyüm üçün diz çöküb, üzr istəyəcəm. Etdim də".

M.Hüseynova evdən ayrıldıqdan sonra 26-cı Poli Bölməsinə gedərək şikayət etdiyini deyib. Onun sözlərinə görə, daha sonra İlhamə Quliyeva həmin vidoegörüntüləri mətbuata ötürüb.

"İlhamə məndən şikayət etdi ki, mən onun əmlakını ələ keçirmək istəmişəm. Məni həbs elədilər. Həbsimdən 4 ay sonra o, öldü. Amma istintaqda dəfələrlə dedim ki, gətirin üzləşdirin. Amma baxılmadı. 9 ay davam edən istintaqda heç bir şəxslə üzləşdirilməmişəm. Sadəcə 4 dəfə müstəntiq dəyişib. Məni şərləyən Vüqarın özünü dələduzluğa görə həbs ediblər"- deyə ifadəsində əlavə edib.

M.Hüseynova İlhamə Quliyevadan aylıq 500 manat əmək haqqı aldığını və son 3 ayın pulunu ona ödənilmədiyini də deyib.

Günahsız olduğunu deyən M.Hüseynova məhkəmədən ədalətli qərar çxıarılmasını və azadlığa buraxılmasını istəyib. Növbəti məhkəmə prosesi noyabrın 29-na təyin edilib.