Binəqədidə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb

Bakıda yük avtomobilin minik avtomobilin üzərinə aşması səbəbindən 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Sabahinfo.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. 

Qeyd edək ki, sentyabrın 6-da Binəqədi rayon ərazisində 1976-cı il təvəllüdlü Əbdülov Vahid Vaqif oğlunun idarə etdiyi "DAF" markalı hərəkətdə olan zaman körpünün üzərindəki sərt döngədə idarəetməni itirərək körpüdən aşıb.

Aşma nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü İbrahimov Yusif İbrahim oğlunun idarə etdiyi "Changan" markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı "Changan" markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Hacıyev Abdulla Əkrəm oğlu ölüblər.

Bundan başqa, hadisə zamanı 92 saylı avtobusda olan 2000-ci il təvəllüdlü Ağayeva Lalə Zeynal qızı və 2002-ci il təvəllüdlü Nəcəfova Fidan Namiq qızı döş qəfəsinin küt travmaları ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi müayinə göstərildikdən sonra evə buraxılıblar.