Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya Təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının sosial şəbəkədə və mediada təbliği” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov yeni medianın inkişaf etdiyi bir vaxtda informasiya təhlükəsizliyi, dövlət sirrinin qorunması son dərəcə vacib olduğunu bildirib: "Qərbin ikili standartları Birinci Avropa Oyunları ərəfəsində daha da çox hiss olunur və hətta bir kampaniya həyata keçirirlər. Bu cür münasibətlər də informasiya təhlükəsizliyini diqqətdə saxlamalıyıq. Bu gün biz bu istiqamətdə bir neçə mövzuya toxunacağıq. Buna görə də, tədbirimizdə QHT-lər və dövlət rəsmiləri ilə yanaşı, sosial şəbəkə istifadəçiləri də iştirak edir. Çünki informasiya təhlükəsizliyinin qorunmasında media ilə yanaşı, sosial şəbəkədə aktiv olan üzvlərin bu sahədə məlumatlandırılmasına ehtiyac var. Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir, buna görə də dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün ən vacib məsələdir”.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev tədbirin olduqca vacib məsələyə - informasiya təhlükəsizliyinə toxunulduğunu bildirib. Onun sözlərinə görə, informasiyanın toplanması ilə yanaşı onun qorunması sahəsində də vacib tədbirlər görülməlidir: "Ölkəmizdə söz azadlığı ilə informasiya təhlükəsizliyi paralel inkişaf edən sahədir. 2004-cü ildə "Dövlət sirri haqqında”, 2005-ci ildə "Məlumat əldə etmək azadlığı haqqında” qanunlar qəbul edilib. 2000-ci illərin əvvəlində informasiya azadlığı, internetin daha çox azad olmasına fikir verirdik. Bu gün isə informasiya azadlığı daha çox gündəmə gəlib. Dövlət siyasətində informasiya siyasəti xüsusi önəm kəsb edir. Son beş ildə bu məsələ ilə bağlı Prezident İlham Əliyev 5-dən çox sərəncam imzalayıb. İnformasiya Təhlükəsizliyi Xüsusi Dövlət Agentliyinin yaradılması bu sərəncamların nəticəsidir. Bu istiqamətdə verilən sərəncamlarda müvafiq qurumların üzərinə informasiya təhlükəsizliyi ilə bağlı vəzifələr qoyub. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da bu istiqamətdə üzərinə düşən məsuliyyəti nəzərə alaraq bu cür tədbirlər keçirilir. Lakin informasiya təhlükəsizliyi yalnız dövlətin üzərinə düşən vəzifə deyil, bu işdə hər birimiz məsuliyyət daşıyırıq”.
İHMİB sədri Rəfael Becanov ötən əsrin 90-cı illərində senzura ləğv ediləndən sonra informasiya təhlükəsizliyi məsələsinin gündəmə gəldiyini deyib. Bu gün internetin inkişafı problemi daha da aktuallaşdırıb:"Bəzən jurnalistlər sensasiya naminə müəyyən pozuntulara yol verirlər. Bu məsələ zaman-zaman müxtəlif ölkələrdə tənzimlənən məsələ olub. Araşdırmalara görə, 2014-cü dünyada informasiya təhlükəsizliyi xərcləri 71.1 milyard dollar, 2015-ci ildə isə 76.1 milyard dollara çatıb. Bu rəqəmlər bir daha məsələnin aktuallığını gündəmə gətirir. Ötən il avqust ayında mediada informasiya təhlükəsizliyinin nə qədər vacib olduğunu hiss etdik. İnformasiya təhlükəsizliyi toplumun təhlükəsizliyi üçün də aktualdır. Çünki bu məsələ ölkədə müxtəlif cərəyanların aktivləşməsinə səbəb olur. Bundan başqa, ayrı-ayrı fərdlərin də hüquqları pozulur. Bu məsələ QHT, medianın əsas prioritet mövzusu olmalıdır. Missiyalarımızdan biri də sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsidir. Bu istiqmaətdə təkliflərin hazırlanması üçün iş aparırıq. İnformasiya təhlükəsizliyi məlumatın yayılmasının qarşısını almaq deyil, yayılmasının dövlət, vətəndaş üçün təhlükəliliyini nəzərdə tutur”.
Ölkədə informasiya təhlükəsizliyinə nəzarət edən qurumların olduğunu deyən R. Becanov medianın işi bu sahədə maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Region Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev hazırda dünyada informasiya təhlükəsizliyinin təmin edilməsi üçün beş əsas cərəyanın olduğunu deyib. Onun sözlərinə görə, birinci cərəyan kibercinayətkarlıq, ikinci şəxsi məlumatlar, üçüncü tərəf təchizatçılardan gələn təhlükə, dördüncü şəxsi məlumatların iş informasiya ilə qarışdırılması, sonuncu insan faktorudur: "Əksər hökumət idarələri, banklar bu barədə əməkdaşlarını məlumatlandırırlar. Amma praktik olaraq bu təhlükədən necə qorunmalı olduğumuzu bilmirik. Bunun üçün də hər bir işçidə təhlükəsizlik vərdişləri aşılanmalıdır”.
R.Nurullayev həmçinin mobil texnologiyalar – "ağıllı” telefonlar və planşetlər üzərindən gələn məlumatlar barədə də danışıb: "2017-ci ildən sonra informasiya təhlükəsizliyi daha da aktuallaşacaq. Buna görə də, informasiyalarının təhlükəsizliyini təmin etmək istəyənlər nisbətən ucuz telefonlardan istifadə edəcəklər”.
"Azərfax” saytının Baş redaktoru Nicat Dağlar bu gün bəzi saytlarda Azərbaycan əleyhinə olan məlumatların yer aldığını bildirib: "Bu informasiyaların monitorinqini aparmışıq. Həmin saytlarla danışıqlar apararaq məlumatların saytlardan çıxarılmasına nail oluruq. Lakin hər bir sayt rəhbərliyi özü bu məsələnin vacibliyini dərk etməlidir. Bu araşdırmamız zamanı bəlli oldu ki, biz də bir çox informasiyaları bilmədən vermişik və onların bir qismi dövlət sirrinə aiddir”.
"Palitra” qəzetinin Baş redaktoru Namiq Əliyev informasiya təhlükəsizliyi məsələsində mətbuatın üzərinə mühüm vəzifə düşdüyünü deyib: "Bəzi Qərb ölkələri digər ölkələrdə "kadr ovuna” çıxıblar. Onlar vətəndaş cəmiyyəti, münaqişələrin qarşısının alınması adı altında fəaliyyət göstərir. Gənc jurnalistlər həmin şəxslərin təsiri altına düşə bilərlər. Bu baxımdan jurnalistlərimizi ayıq-sayıq olmalarını tövsiyə edirik. Bu şəxslər xüsusi psixoloqlar tərəfindən təlimatlandırılırlar. Bu barədə xarici mətbuatda nümunələr görürük, bu yaxınlarda bir alman jurnalist həmin qrupların təsiri altına necə düşməsi ilə bağlı kitab yazmışdı. Əminəm ki, jurnalistlərimiz bu tələyə düşməyəcək”.
Tədbirdə bəzi QHT rəhbərləri, sosial şəbəkələrin aktiv istifadəçiləri çıxış ediblər. Sonda məsələnin əhəmiyyəti nəzərə alınaraq təkliflər planının hazırlanıb dövlətə təqdim edilməsi qərara alınıb.