Tehranda İran və Rusiya arasında birgə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib.
APA-nın Tehran bürosunun məlumatına görə, iclasa İran tərəfdən rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Rusiya tərəfdən isə bu ölkənin enerji naziri Aleksandr Novak sədrlik edib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 10 saziş imzalanıb. Onlar arasında neft-qaz, ticarət və iqtisadi sahələrdə əməkdaşlığa dair sənədlər var.
Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin həcmini ən qısa zamanda 10 milyard dollara çatdırmağı planlaşdırır. İclasın sonunda iki ölkənin nazirləri çıxış edib və birgə komissiyanın iclasının keçirilməsinin hər iki ölkə rəhbərinin iradəsi ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıdığını bildiriblər.