Milli Strateji Düşüncə Mərkəzi "Soyqırım yalanı və Qarabağ məsələsi” mövzusunda dəyirmi masa keçirəcək. Tədbir 24 apreldə Müsavat Partiyasının ofisində keçiriləcək və saat 14-də başlayacaq. Ekspertlərin və ictimai-siyasi xadimlərin iştirakı ilə keçəcək tədbirə media və maraqlananlar dəvətlidir.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin "Yeni Müsavat”a verdiyi açıqlamada deyilir ki, sözdə "erməni soyqırımı” mövzusunda yalanlar gündən-günə çoxalır, təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar da bu yalanlara qoşulurlar. Bu baxımdan Milli Strateji Düşüncə Mərkəzi hesab edib ki, sözdə "soyqırımı” və Qarabağ məsələsi mövzusunda tədbir keçirilməsi düzgün olar: "Mütəxəssislərlə məsləhətləşmişik, bu tədbirdə bir sıra alimlərin, mütəxəssislərin iştirakı nəzərdə tutulur. İctimai-siyasi xadimlər də təbii ki, iştirak edəcəklər. Biz istəyirik ki, bu mövzuları şüarçılıq olmadan elmi dəyərləndirmə əsasında müzakirə edək. Yəni müəyyən bir səviyyəli müzakirələr getsin. Sadəcə şüar, sadəcə ”onlar yalan dedi, biz doğru dedik, onlar pisdir, biz yaxşıyıq" şəklində yox, ciddi elmi bir müzakirə təşkil etmək istəyirik. Bir sıra mütəxəssislər artıq iştirak edəcəklərini bildiriblər. Biz hələ hazırlığı davam elətdiririk. Yəqin ki, beşinci günə qədər bu hazırlıq davam edəcək və maraqlı bir tədbir alınacaq".