İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə "Anadolu” Türkiyə DİN rəhbəri Süleyman Soyluya istinadən məlumat yayıb. Onun sözlərinə görə, birinci partlayış "Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, polisin toplanma yerində Bakı vaxtı ilə saat 23.29-da baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib.
Bundan əvvəl KİV-lər 15 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdi.
***** 02.53
İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində yaralananların sayı 70-ə nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.
Qeyd edək ki, Türkiyə DİN rəhbəri Süleyman Soylu İstanbulda iki partlayışın törədildiyini təsdiqləyib: "Partlayışlardan birinin kamikadze tərəfindən törədildiyi ehtimal olunur”.
"Məlumatımıza görə, iki partlayış törədilib. Onlardan biri kamikadze tərəfindən törədilə bilər. İkinci partlayışda minalanmış avtomobildən istifadə edilib, çünki bu daha güclü olub. Həlak olanlarla bağlı bir qədər sonra açıqlama veriləcək”, - deyə Süleyman Soylu bildirib.
"Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri təsdiqləmir.
***** 01.45
İstanbulda futbol stadionu yaxınlığında törədilən partlayış nəticəsində yaralananların sayı 38 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.
"Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar partlayış nəticəsində ölənlərin olduğunu təsdiqləmir.