Biz strateji inkişafla bağlı tam və aydın mənzərəyə sahibik

“Dövlət başçısı İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verdi. Ənənəvi hal alan bu müsahibələrin yeni ilin ilk ayına təsadüf etməsi səbəbsiz deyil. Ötən ildə görülən işlər, əldə olunan uğurlar barədə ictimaiyyətə geniş məlumat verilir, qarşıdakı dövrün çağırışları diqqətə çatdırılır. Prezident İlham Əliyev sözügedən müsahibəsində Azərbaycanın 2025-ci ildə ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs etdi və ötən ili tarixi il kimi dəyərləndirdi. Bildirdi ki, məhz  2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Artıq bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və  dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, 2025-ci ildə xarici siyasət uğurlarımız davamlılığı ilə diqqətdə oldu: “Zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi göz qabağındadır. Xarici siyasətimizin prioritet istiqamətləri olaraq iki və çoxtərəfli çərçivədə əlaqələrin coğrafiyasının daha da genişlənməsi ötən ilin mühüm hadisələri sırasındadır. Belə ki, cənab İlham Əliyevin xarici ölkələrə çoxsaylı səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycanın ev sahibliyi etdiyi Zirvə görüşləri yeni əməkdaşlıq formatlarının yaradılmasında, həmçinin  ənənəvi tərəfdaşlarla əlaqələrin inkişafında əhəmiyyətli rol oynadı. Ötən il Türk dünyasının birliyinin xarici siyasətimizin əsas tərkib hissəsi olduğu bir daha təsdiqləndi. Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz oldu. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində  bildirdi  ki, bu da nadir hadisə sayıla bilər. Çünki coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sıx əlaqələrimiz var və son illər o qədər  layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik”.

Malik Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlara söykənərək gələcək inkişaf strategiyasından, qarşıdakı dövrün çağırışlarından,   coğrafi mövqeyimizin ölkəmizə qazandırdığı imkanlardan, ölkələr və xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü yaratmağımızdan, tarixi Zəfərimizin reallıqları fonunda azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, tətbiq edilən təkmil, müasir idarəçilik sistemindən, Azərbaycanın hərbi gücünün artırılması istiqamətində atılan addımlardan, soydaşlarımızın Böyük Qayıdış Proqramı çərçivəsində mərhələ-mərhələ dogma yurd-yuvalarına  qayıdışından və digər mühüm məsələlərdən geniş bəhs etdiBu mühüm məqam da xüsusi vurğulandı ki, bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır.

Millət vəkili dayanıqlı inkişafı şərtləndirən amillər sırasında iqtisadi tərəqqini xüsusi qeyd edib: “Ölkəmizdə sabitliyin və normal iqtisadi mühitin mövcudluğu Azərbaycanı böyük investisiyalar məkanına çevirdi. Azərbaycan yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik  ölkə kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir. Cənab İlham Əliyev müsahibəsində bu məqamı da qeyd etdi ki, iki aparıcı reytinq şirkəti bizim kredit reytinqimizi yenilədi. Bunlar “Moody’s” və “Fitch” şirkətləri idi. O da diqqətə çatdırıldı ki, bu gün iki investisiya proqramımız var. Biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata keçirilir”.

Malik Həsənov bildirib ki, ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır: “Dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə  siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir.  Cənab İlham Əliyev hələ 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra qarşıda dayanan hədəflərdən bəhs edərkən bu məqamı xüsusi qeyd etdi ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.

Dövlətimizin siyasətində vətəndaş amili öndə dayanır. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz. Həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. İqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. Son yeddi ildə 5 sosial islahat paketi icra edilib. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Cənab İlham Əliyev bir daha  bildirdi ki, biz strateji inkişafla bağlı tam və aydın mənzərəyə sahibik”.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi mühüm çağırışlarla diqqətdədir. “İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib” söyləyən cənab İlham Əliyev bir daha bəyan etdi ki, biz hər zaman həqiqətə, ədalətə sadiq olmuşuq.