Bizim tanıdığımız Rəşad Məcid - Bayram Məmmədov yazır

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Jurnalistin də, şairin də, mətbuat xadiminin də, ədəbiyyat adamının da ruhunda SÖZün işığı var, onlar SÖZün yaşadılma cəfakeşləridir. Onlar SÖZü ucalıqda saxlaya-saxlaya, SÖZə ehtiramı mənəvi borc bilməklə ucalığa yol almış yolun yolçusu olurlar. Rəşad Məcid kimi...

 

Rəşad Məcid jurnalistdir

 

Cəmiyyətə ilk bədii salamı şeirlə olan Rəşad Məcid jurnalist olmaq istəyib. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Mətbuatda boyu görünən jurnalistlərdən olub, müstəqillik dövrünün ruhu rəvan jurnalistlərindən biri kimi tanınıb (və sevilib!). "Ədalət" və "Azərbaycan" qəzetlərinin baş redaktorunun birinci müavini kimi yeni mətbu sözün  formalaşmasında, jurnalistikanın tezislərinə daha sədaqətli olmanın metodologiyasının fəlsəfəsinin yaradılmasında, düşüncələrdə rişələnməsində onun da söz məramı, öz məramı olub. Həm də "Səhər"in, "Aydınlıq"ın, "Vətən səsi"nin, "Ədalət"in, "Qarabağ"ın söz işığını gurlandı-rası "525-ci qəzet"i yaradıb; "525-ci qəzet" 32 ildir söz yoluyla - öz yoluyla, düz yoluyla illəri tarixləsdirməkdədir. "525-ci qəzet" jurnalistlərin qəzetidir, sənətşünasların qəzetidir, alimlərin qəzetidir, tarixçilərin qəzetidir, şairlərin, nasirlərin qəzetidir - cəmiyyətin qəzetidir, bu günün və sabahların qəzetidir. Sevilə-sevilə oxunur, oxuna-oxuna sevilir...

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranan qəzetlərin hamısı məktəb ola bilmədi. "525-ci qəzet" üçün nədən yazmaq da əhəmiyyətli idi, necə yazmaq da (bu baxımdan necə düşünmək də!), sözün mətbu ifadə çalarları da. Ona görə də bu qəzet (qəzetimiz!) mətbu məktəb ola bildi. Mir Cəlal deyərmiş: "Hamımız Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışıq". Bu yaşarı (və bəşəri!) kəlama istinadən deyə bilərik ki, çağdaş jurnalistikamızın uğurlarına "525-ci qəzet"in də böyük təsiri olub; neçə-neçə jurnalistin söz yolunu "525" işıqlandırıb...

"Yeni söz" deyirik, yəni yeni bir fikir kimi həmin "yeni söz"ə söykənirik. "Yeni söz"ün də müəllifi söz cəfakeşləri - sözü sözdən seçənlər, sözün çalarlarını görənlər olur. Rəşad Məcidin "Qələmsiz yazılanlar"ı ruhun yazdığı yazılar kimi oxunub, oxunur, bundan sonra da belə oxunacaq. "Qələmsiz yazılanlar" mətləblər haqqında deyimlərdir (kəlamlardır!). Rəşad Məcid kəlamlarına söz ömrü verməyi bacarıb və bu mətləblər milli mentalitetlə bağlıdır, Vətənlə bağlıdır, dövlətlə, dövlətçiliklə bağlıdır, ədəbi düşüncələrlə bağlıdır, həm də "uca göylərin mehrabı" (N.Gəncəvi) ilə bağlıdır. Rəşad Məcidin "Qələmsiz yazılanlar"ının böyük əksəriyyəti sabahlara qayğıdır, sayğıdır, can yandırmaqdır - söz (və ruh!) təəssübkeşliyidir; Rəşad Məcid təəssübkeş jurnalistdir (redaktordur!)...

 

Rəşad Məcid publisistdir

 

Neçə on illərdi həyat həqiqətlərindən yazır, həyat həqiqətlərini yazır, ictimailəşdirdiyi mətləblər xalqın ruhu olub, mentaliteti olub, yazılanlar dövlətə, dövlətçiliyə sədaqət olub, zaman anlamında bu günün yaşantılarından sabahlara söz sayğısı olub, gənclərin irili-xırdalı problemlərinə mətbu nəzarət olub... "Dəlicəsinə" kitabı publisistik məqalələr, "Roman" (sevgi şeirləri) kitabı lirik-epik düşüncələr kitabıdır. Bu kitabları geniş mənada mövzu birləşdirirsə, "Dəlicəsinə" kitabında poeti-ka, "Roman"da bədii düşüncə diqqəti çəkir. Bu baxımdan bəzən bədii düşüncənin publisistik dü-şüncəni "sıxışdıra bilməməsini" Rəşad Məcidin publisistik yaradıcılığının bəyənilən üslubu kimi dəyərləndirmək günah deyil...

Rəşad Məcid həm də Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi Azərbaycanda yeni jurnalistikanın yeni bədii düşüncə sistemi əsasında formalaşmasının cəfakeşlərindən biri olub. Hazırda bu Şuranın sədridir...

 

Rəşad Məcid şairdir

 

Hərdən mənə elə gəlir ki, ilk şeirləri təbiət yazıb, görmüşük (oxumuşuq), duyğulanmışıq, bu duyğu poetik zərrələrə dönüb, düşüncələrimizə hopub, sonra nə görmüşüksə, təbiətdən aldığımız duyğu ülgüsündə görməyə meyllənmişik. Göylərin yağışı da şeirdir, bulaqların axışı da, şimşəklə-rin çaxışı da, çəmənlərin çiçəkləməsi, güllənməsi də şeirdir, dərələrin sellənməsi də... Bunları duymayan şair ola bilərmi? - çətin (və qətiyyən!).

Rəşad Məcid şairdir. Həm təbiətən şairdir (təbiət şairidir), həm də ruhən şairdir (ruh şairidir!)...

Hüseyn Arifin "Şeir deyilmi?" şeiri məndə həmişə xoş ovqat yaradıb (qınayanım olmasa, deyər-dim ki, elə ovqat da şeirdir!) - təbiətin şeirləşdirilməsi, təbiət hadisələrinin şeiriyyət (və şeir!) kimi dərki duyğuların şeirləşməsidir, şeirləşən duyğular həm bəşəriliyə meyilli duyğulardır, həm də tə-biətə sevgidir. Yaxşı şeirin, poetik biçimdə təqdim edilən şeirin söz (söz düzümü) qüdrətini ruhu-muza meh bilmişik, düşüncələrimizə şeh, könül mülkümüzə - qövsi-qüzeh. Təbiəti sevə-sevə şeiri, şeiri sevə-sevə təbiəti sevmək fəlsəfəsi belə formalaşıb, təbiətin sözlə ifadəsi - təbiətin bir parçası olan şeir düşüncələrin ruhuna dönür. Rəşad Məcidin təbiət şeirləri belə şeirlərdir. Bu şeir-lərdə bir doğmalıq var və bu doğmalıq şeirə sevgidən gəlir, poeziyaya sədaqətdən gəlir. Həssas oxucu bu şeirləri duyğularının ruh qardaşı bilir; şeirləri oxucusuyla bunca doğmalaşan şair əlbəttə ki, oxucunun ruh qardaşıdır. Rəşad Məcid kimi...

Rəşad Məcidin təqdimatında şimşəklərin hədəsindən qorxmayan qayaların əyilməzliyi ("Məğrur qayalar"), "duruşunun əzəməti", "yağışların gur selində çimən qayaların könül sirdaşı" "üz-gözü südə bulaşmış körpəyə", "ahılların saçlarına düşən gümüşü zehə" (el arasında bu deyimin yozumu nazik, incə xətt, düzüm anlamı verir və bu anlam poeziyaya olduqca uğurla gətirilib)" bənzəyən Aylı dağlardır ("Aylı dağlar"). Qaya - dağ münasibətlərində istər fəlsəfi, istərsə də lirik-poetik bir yaxınlıq var. Təbii ki, Rəşad Məcidin məğrur qayası duruşuyla dağ misallıdır, o da "şimşəklərin nərəsini eyninə almır", "yağışda yuyunub Ay işığında güzgülənən "uca qamətli bu məğrur qa-yanın kökü dərindədir"; təbiətin bir görüntüsünün poetik ifadəsi olsa da "Məğrur qaya" şeiri xal-qın bədii obrazı kimi dərk olunur - var olma tarixi illərin o üzündə olan xalq qüdrətli xalqdır, bu xalqın Vətəni olan Azərbaycanın "mayəsi də, qayəsi də nurdur" (M.Araz).

Yol təkcə məkanı məkana birləşdirən coğrafi-topoqrafik anlayış deyil, yol ifadəsi eyni səviyyədə ruhla bağlıdır. Zənnimcə, poeziyada yol məfhumunun hər iki çalarını şairlər poetik biçimdə, poetik ülgüdə təqdim edə bilir və bu təqdimlərin fəlsəfi mahiyyəti düşüncələrin dürüst nizamına qarışır. Şair Rəşad Məcid başlanğıcı bəlli olan yolların nəhayətini də şeirə gətirir. "Cığır kimi do-ğulub çəmən kimi ölən yol" "dərədə çəndir", "düzdə Günəşdir", "zirvədə dumandır" ("Yol"). Səhərin dan yerini, gecələrin Ay işığını niyyətinə, istəyinə kürmələyən şairin yol gedən ürəyi ("Ürəyim yol gedir") hərdən dünyamızın cazibə qanununa tabe olmur - aşırı duyumun yaratdığı poetik cazibə şair ürəyi ilə oxucu ürəyi arasında səmimi bir doğmalıq yaradır. Duyumlular duyur ki, poeziyanın cazibə qanununu şərtləndirən bir amil də var: yeni bədii fikir; Rəşad Məcidin şeirlərini yeni bədii fikirlər ümumiləşdirir. Rəşad Məcidin şeirlərinə bənzərsiz poetik biçim verən "hisslərə yas tutmayan" ifadəsi də, "dərdi sıxıb ürəkdə saxlamaq" ifadəsi də, "göz yaşlarından pas tutmaq" ifadəsi də "daşdan keçən suyun sıxıntılarını - nələr çəkdiyini duymaq" ifadəsi də, "havadan, işıqdan yorulmaq" ifadəsi də, "itmiş ürəyin yerini tapmaq" ifadəsi də... düşündürücüdür, düşüncə sistemi üçün bəyəniləsi tezislərdəndir. Düşündürücülük isə fəlsəfi-bədii dialektika baxımından Arximed nöqtəsidir...

 

Rəşad Məcid yazıçıdır

 

Rəşad Məcidin "10 sentyabr" hekayəsi çağdaş nəsrimizdə bəşəri çalarlarıyla diqqəti çəkən əsərlərdəndir. "10 sentyabr" 11 sentyabr hadisəsinə bədii işıqdır sanki, sanki bu hadisəyə rekviyemdir. Bu baxımdan belə oxunaqlı, düşündürücü hekayələrə (və "10 sentyabr"a) poetik mizanına görə nəsrlə yazılmış şeir deyərdim. Rəşad Məcidin "10 sentyabr" hekayəsi məhz bu bədii (və siyasi və bəşəri!) dəyərinə görə dünyanın 20-dən çox dilinə tərcümə olunub.

"Dəniz suyunun dadını bilmək üçün onun bircə damcısını tamsınmaq kifayətdir" - deyiminə söykənməklə, "Son on illər Azərbaycan nəsrinin bədii və məfkurəvi, bəşəri səviyyəsini bilmək üçün həm də Rəşad Məcidin "10 sentyabr" hekayəsini oxumaq, mahiyyətini dərk etmək kifayət-dir" deyə bilərik. Güman edirəm ki, ədəbi düşüncə (ədəbi tənqid) buna etiraz etməz. "10 sentyabr" gerçəkliyin bədii əksidir - realist əsərdir...

10 sentyabrdan 11 sentyabra bir bəşəri vicdan, bir dünyəvi düşüncə, bir insansevərlik qədər vaxt qalırdı. Bu zaman kəsiyində qımıldanan faciənin - terrorun qarşısı alına bilərdi; dünyamı sərvaxt deyildi, dövlətlərmi sərvaxtlığı günüləyirdi? - "10 sentyabr" hekayəsinin bu düşüncələrlə dərk edilməsi terrorla mübarizə vasitəsi hesab edilə bilərmi? - bilər. Azərbaycan nəsri bu gün yaransa da, sabahların taleyinə "ətək sərir". Azərbaycan nəsrinin dünyanın nizamına təsir göstərən hadisələrə münasibət göstərməsi (həm də bu səviyyədə bədii dəyərə malik olmaqla!) son illərin ədəbi hadisəsi hesab edilməlidir. 11 sentyabr terroru unudula bilər, ancaq "10 sentyabr" hekayəsi həmişə bu unudulmanın insanlığa xəyanət olduğunu xatırladacaq...

Rəşad Məcidin 60 yaşı tamam olur; ruhu həmişə cavan Rəşad Məcid kimi seviləcək, Mətbuat və ədəbiyyat xadimi kimi, ictimai xadim kimi, şair kimi, yazıçı kimi, jurnalist kimi və bunların fövqündə dayanan gözəl İNSAN kimi seviləcək...

Biz səni belə tanımışıq, Rəşad Məcid, belə sevirik, belə sevəcəyik...

Bir mahnıda deyildiyi kimi, 60 yaş nədir hələ...