Kardashianlarla ayaqlaşmaq (Keeping up with the Kardashians) adlı televiziya şousu 16-cı mövsümü ilə yenidən ekranlara qayıdıb. Şouda ailənin səs-küy və dava-dalaşla dolu münasibətləri əksini tapır.
Bu serial şou on ildən çoxdur ki, yayımlanır. Hər yeni mövsüm ailənin var-dövlətini daha da artırıb.
Ekranlarda ilk dəfə təqdim olunan il 9 yaşı olan Kylie Jenner artıq 21 yaşlı milyarder bir qadına çevrilib.
Forbes jurnalına əsasən, varidatı 1 milyard dollar (1.6 milyard manat) bu kosmetika moğolu, matriarxat və ana menecer (momager) Kris Jenner-in idarə etdiyi Kardashian qəbiləsinin ən zəngin üzvüdür.
Əslində bacıları da ondan geri qalmır.
Öz kosmetik məhsulları, ətirləri və "kimoji"ləri sayəsində Kim Kardashian West multi-milyonerdir, Kendall Jenner beynəlxalq dəb modelidir, Khloe Kardashian Good American adlı cins biznesinin sahibəsidir və ən böyük bacı Kourtney Kardashian moda dizaynerləri ilə işbirliyi vasitəsilə sərvət toplaya bilib.
Ailə üzvlərinin mənfəəti, şəxsi və professional həyatlarını sosial media ilə cütləşdirdikdən sonra daha da artıb. Bacıları izləyən sosial media hesablarının ümumi sayı 537 milyondur və bu yolla hesablarına milyonlarla dollar yatıra biliblər.
Syracuse Universitetindən sahibkarlıq üzrə professor Alexander McKelvie də şounun səlisliklə işlənmiş ssenari əsasında qurulduğuna inanır.
"Şounu diqqətlə izləsəniz, onun spontan olduğunu düşünərsiniz," o deyir.
"Lakin çox güman ki, şou öncədən ssenariləşdirilmiş və planlaşdırılmış məzmunda lentə alınır və məqsəd, Kardashianlar haqqında şounun yaradıcıları və ailənin özünün istədiyi şəkildə mesajlar ötürməkdir."
Bəs, Kardashianlar necə milyonlara sahib olub?
Bu mövsümdə Kardashianlarla Ayaqlaşmaq şousunda hadisələr, Khloe Kardashian ilə keçmiş sevgilisi Tristan Thompson arasındakı "qalmaqal" və Khloe-nin Kylie-nin ən yaxın dostu Jordyn Woods ilə iddia edilən "münasibəti" ətrafında cərəyan edir.
Şouda Khloe şikayət edir: "Hər şeyin ictimai olması adamı bezdirir. Mən televiziya şousundan ibarət deyiləm. Bu mənin həyatımdır."
İddia edilən gizli sevgi münasibəti ortaya çıxan ərəfədə, Kylie ilə Jordyn-in işbirliyi nəticəsində istehsal olunan dodaq boyası və qələmi Jordy Lip Kit məhsulunun qiyməti 50 faiz aşağı endirilir.
Çox keçmədən məhsul tamamilə bitir.
The New York Times-a müsahibəsində isə Kylie Jenner deyib ki, qiymətin aşağı salınmasından xəbəri olmayıb. "Heç vaxt belə bir şey etməzdim," deyə o əlavə edib.
Satış faktı isə öz yerində qalır.
"Gün ərzində həyatları ekranda canlanır və məncə, bu da onları müəyyən istehlakçılar üçün əlçatan edir," Mintel adlı bazar araşdırması şirkətin gözəllik analitiki Alison Gaither deyir.
Birinci seriyada tamaşaçılar Khloe-ni cins şirkəti üçün foto çəkilişini, Kim ilə Kylie-nin ətir işbirliyi müzakirəsini və Kim-in həyat yoldaşı reper Kanye West-in öz layihələri haqqında söhbətlərini izləyiblər.
Eyni zamanda Kourtney Kardashian öz həyat tərzi bloqu Poosh-u təqdim edib.
Kardashianların əksər işləri kimi Poosh da Kourtney-nin Instagram hesabından elan olunub. (Keçən il Khloe-nin cins geyimlər şirkəti və 2015-ci ildə Kylie-nin kosmetika biznesi xəbərləri də sosial media üzərindən yayılmışdı.)
Xanım Gaither deyir: "Onlar, sosial mediada onları izləyən kütlənin istəyi ilə silahlanaraq brend yaradırlar, xüsusilə də Kylie Jenner-in şirkəti buna gözəl nümunədir."
2015-ci ilin noyabrında ilk dodaq boyasını istehsal edən Kylie, məhsulunu məhz Instagram hesabı vasitəsilə milyonlarla istehlakçıya çatdıra bilmişdi. Beləliklə, marketinq xidmətlərinə heç bir pul ödəmədən insanların məhsulu bəyənib-bəyənmədiyini müəyyənləşdirib.
Şimali Carolina Dövlət Universitetinin sahibkarlıq üzrə köməkçi kafedra müdiri Lewis Sheats deyir: "20 il əvvəl bir sahibkar 20 müştərinin bir məhsuldan və ya xidmətdən məmnun olub-olmadığını bilmək üçün onları ya dəvət etməli, ya özü əllərinə verməli, ya da küçədə dayanıb sorğu aparmalı olurdu.
"Sosial mediada isə sahibkarlar məhsulu yüz minlərlə insana cəmi bir neçə saniyə içində çatdıra və onlardan cavab ala bilirlər."
Kardasianlar həmişəmi varlı olublar?
Məşhurluqlarının ilk illərində ailənin bəzi sazişləri Kourtney, Kim və Khloe tərəfindən bağlansa da, hər şey rahat başa gəlmirdi.
Bacılar lisenziya müqaviləsi əsasında Khorma Beauty adlı kosmetika şirkətinin siması idilər. Lakin 2012-ci ildə təqdim olunan şirkət çox keçmədən müəllif hüquqları pozuntusu iddiaları əsasında istehsalı dayandırmalı olur və fəaliyyətini Kardashian Beauty adı altında davam etdirir. Lakin hüquqi problemlər səngimir. Son illərə qədər ailə qanuni məsələlərlə məşğul olmağa məcbur olub.
Onlar həm də Kardashain Kard adlı kredit kartı şirkətinin əsasını qoyublar. Bu kart öncədən pul yatırmaqla valideynlərin yeniyetmə övladlarının xərcinə nəzarət etmək imkanı verirdi.
Lakin bu şirkətin də ömrü uzun çəkməyib. İndinin özündə belə, onların toxunduğu hər şey qızıla çevrilmir.
Pepsi ilə işbirliyi çərçivəsində Kendall Jenner-in çəkildiyi reklam, Qara Həyatlar Dəyərlidir (Black Lives Matter) hərəkatına təhqir iddiaları bahasına başa gəlib.
Pepsi, reklamı növbəti gün yığışdırmaq məcburiyyətində qalıb.
Üç övlad (tezliklə dörd olacaq) anası Kim Kardashian West, hamiləliklə bağlı ürəkbulanmaya qarşı dərmanı reklam etdiyinə görə ABŞ Qida və Dərman Administrasiyasının qəzəbinə uğramışdı.
Və ailə üzvləri çəki azaldan məhsulların təşviqinə görə də tez-tez tənqidə məruz qalırlar.
Radio 1-in keçmiş aparıcılarından biri olan və hazırda bədən pozitivliyi mövzusunda kampaniya aparan Jameela Jamil Kim Kardashian West-i, "gənc qızlar üçün dəhşətli və toksik təsir" kimi təsvir edib.
Ailənin gələcəyi necə görünür?
Ailənin hazırkı televiziya müqaviləsi bu ilin sonuna qədər etibarlıdır və seriyaların davam edib-etməyəcəyi hələ məlum deyil.
Ötən mövsümün rəqəmlərinə nəzər salsaq, mövsüm sonuna qədər izləyici sayının 1.3 milyondan 851 minə düşdüyünü görərik.
Əgər veriliş sona yetirsə, ailə onsuz da bu qədər uğurlu olacaqmı?
"Bu qədər pulsuz reklam oluna bilməyəcəklər," professor McKelvie deyir.
"Amma onlar medianın diqqət mərkəzində qalmaq üçün saxta qalmaqallar kimi başqa yollara əl atırlar. Bu özü də pulsuz reklamdır."