Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran CümşüdovModern.az-a bildirib ki, hava şəratinin yağıntılı olmasına baxmayaraq respublikanın 24 rayonunda pambıq yığımı davam edir:
"Bu günə olan məlumatlara görə, 38 min 511 ton pambıq tədarük olunaraq emal müəssisələrinə verilib. Gündəlik artım 1528 tondur. Bəzi rayonlarda yağışın intensivləşməsi pambıq yığımını çətinləşdirir. Buna baxmayaraq, rayonlar öz əmək ehtiyatlarından istifadə edərək pambığın qısa müddətdə yığılması ilə bağlı tədbirlər görür. Kənd Təsərrüfatı Nazirliyi də çalışır ki, texnika və rayonların əmək ehtiyatlarından istifadə edərək pambıq yığımını başa çatdırsın”.
İ.Cümşüdov deyib ki, kənd təsərrüfatı bütünlükdə təbiətlə bağlı olan sahədir:
"Yağmur yağırsa, biz heç cür ona mane ola bilmərik. Ancaq pambıq mərhələ-mərhələ əkildiyinə görə, hissə-hissə açır. Yəni pambıq qozada olduğu vaxt yağıntı ona heç bir mənfi təsir göstərmir. Haradakı açılmış sahələr var, orada yığım prosesini ləngidə bilər, keyfiyyətlə bağlı ciddi zərər olmamalıdır. Yığım intensiv olaraq Sabirabad, Saatlı, Bərdə və digər rayonlarda aparılır”.