Koalisiya qüvvələri Suriya ordusunu bombaladı: - 62 ölü

ABŞ-ın başçılıq etdiyi İŞİD əleyhinə koalisiya qüvvələri şənbə günü Suriya hökumət ordusunun mövqelərinə zərbələr endirib. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, nəticədə, 62 suriyalı əsgər həlak olub, təxminən 100 nəfər yaralanıb.

 

Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov hadisə ilə bağlı bildirib ki, təyyarələrin hava zərbələrindən dərhal sonra İŞİD terrorçuları hücuma keçiblər: "Bu gün Moskva vaxtı ilə saat 17:00-dan 17:50-yə qədər (Bakı vaxtı ilə 18:00-18:50) Suriyanın Deyr-əz-Zor şəhərinin aerodromunun yaxınlığında beynəlxalq anti-İŞİD koalisiyasının təyyarələri İŞİD terrorçularının mühasirəsində olan Suriya hökumət ordusunun mövqelərinə 4 zərbə endirib. Koalisiya təyyarələri Suriyanın hava məkanına İraq sərhədi tərəfdən daxil olublar”.

 

"Hazırda uzun müddətdən bəri yerli sakinlər üçün paraşütlərlə humanitar yardımın göndərildiyi aerodrom ətrafında terrorçularla gərgin döyüşlər gedir”, - general-mayor əlavə edib.