Lavrovun Sarkisyanla görüşü çox gərgin keçib

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana olduqca gərgin atmosferdə keçən səfəri başa çatıb. Aprelin 22-də axşama doğru İrəvanda anti-rusiya aksiyalarının qızışdığı, etirazçıların prezident iqamətgahına doğru yürüş etdiyi bir vaxtda Sergey Lavrovla Serj Sərkisyan arasında görüş başlayıb.


Görüşün jurnalistlərə açıq hissəsində Sərkisyan Rusiyanın tərəflərin dərhal danışıqlar masası arxasına keçmək barədə çağırışlarını dəstəkləmədiyini nümayiş etdirib. O, Lavrova deyib ki, cəbhədə son baş verənlər danışıqlar prosesini "çox geriyə atdı”. Və Sərkisyan Lavrova deyib: "Bütün bunlar niyə baş verdi? Yəqin ki, sizin daha səhih məlumatlarınız var”.

Qeyd etmək lazımdır ki, Lavrovun səfəri ərəfəsində İrəvanı bürüyən anti-rusiya isterikasının Ermənistan hakimiyyətinə sərfəli olduğu aydın idi. Etirazçılar nə tələb edirdilər? Rusiyanın Azərbaycana silah satmasına, Madrid prinsiplərinə əsaslanan, işğal altındakı ərazilərin bir hissəsinin qaytarılmasını və sülhməramlıların yerləşdirilməsini nəzərdə tutan planı razılaşdırmaq üçün Ermənistana təzyiq etməsinə, aprelin əvvəllərində gedən hərbi əməliyyatlarda Ermənistana açıq dəstək verməməsinə. Sayları o qədər də çox olmayan etirazçılar onu da tələb edirdilər ki, Ermənistan bir qarış da torpaq qaytarmasın və Rusiya öz sülhməramlılarını Qarabağda yerləşdirmək planlarından imtina etsin.

Bu kimi radikal tələblər Sərkisyana Rusiyanın danışıqları bərpa etmək barədə çağırışlarına müqavimət göstərməyə kömək edir. Həmin aksiyalar belə görüntü yaratmağa əsas verir ki, erməni ictimaiyyəti hər hansı kompromislərə qarşıdır, üstəlik Rusiyanın siyasətindən bərk narazıdır. Təsadüfi deyil ki, Lavrovun səfəri ərəfəsində Ermənistan hakimiyyətindəki mənbə "Kommersant”a Dağlıq Qarabağın müstəqilliyinə qarantiya verməyən hansısa sülh planına görə onları "cəmi iki saata devirəcəklərini” deyib.



Belə bir vaxtda Rusiya xarici işlər nazirinin İrəvana səfərinin böyük ölçüdə nəticəsiz qaldığı təxmin edilə bilər. Rusiya mənbələri Lavrovun İrəvan danışıqlarına dair bəzi məlumatları yayıb. "Kommersant” qəzetinin yazdığına görə Lavrov İrəvana əliboş getməmişdi və "Madrid prinsipləri”inə əsaslanan hansısa sənədi özüylə aparmışdı. Lakin həmin sənəd "Madrid prinsipləri”indən kəskin fərqlənmir. Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmasını, Azərbaycanın Ermənistanın blokadasını qaldırmasını, qaçqınların geri qayıtmasını, sülhməramlıların yerləşdirilməsini,Dağlıq Qarabağın aralıq statusunu nəzərdə tutur. 2 rayon və Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək referendum isə sonraya saxlanılır.

Qəzetin yazdığına görə Lavrovun səfərinin məqsədlərindən biri də o idi ki, Rusiyanın Ermənistanın sadiq müttəfiqi olaraq qaldığına İrəvanı əmin etsin. Lakin Ermənistanda ictimai rəyin Rusiyaya qarşı qızışdırılmasının arxasında erməni hakimiyyəti, yoxsa başqa dairələr dayanır, bu müəmmalıdır. İrəvandakı Rusiya diplomatı bildirib ki, anti-rusiya aksiyaları azsaylıdır və ola bilsin Rusiya-Ermənistan münasibətlərini korlamaq üçün xaricdən qızışdırılır. Bununla belə Ermənistan XİN-dəki mənbə belə aksiyalara haqq qazandırıb. "Ermənilər narahatdır ki, onların yaxınlarını Rusiya silahları ilə öldürürlər”-mənbə deyib.

"İzvestiya” isə Rusiyadakı diplomatik mənbələrə istinadən yazır ki, Lavrovun Sərkisyanla danışıqları "olduqca gərgin şəraitdə” keçib. İrəvandakı Rusiya səfirliyindəki mənbə bildirib ki, onların Ermənistanda işi çox çətinləşib. "Bu, onunla izah olunur ki, Moskva erməni QHT-lərini maliyyələşdirmir və onların vasitəsilə Rusiyanın mövqeyini cəmiyyətə yeritmir. ABŞ isə müxalifyönümlü QHT-ləri maliyyələşdirməklə öz maraqlarını fəal şəkildə yürüdür”-mənbə deyib.



"İşləmək çox ağırdır. Hamıya məlumdur ki, ABŞ erməni müxalifətinə hansı maliyyəni ayırır, sadə vətəndaşları Rusiyaya qarşı qaldırır. Əgər Rusiya əvvəllər təkcə etimad hesabına işləyirdisə indi bu mümkün deyil”-səfirlikdən deyiblər.

Xəbərlərə görə Lavrovun səfərində Rusiyanın 200 milyon dollarlıq güzəştli kredit hesabına Ermənistana müasir silahların göndərilməsini tezləşdirməsi məsələləri də müzakirə olunub. Gözlənilir ki, silahların göndərilməsi yaxın günlərdə başlaya bilər.

Lakin bu silahları alandan sonra Ermənistanın danışıqlar masası arxasına keçib konstruktiv mövqedən çıxış etməsi gözləntiləri daha da azalmış olacaq. Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün vasitəçilik edəndə və tərəfləri buna razı salanda tezliklə intensiv danışıqların başlamasına nail olmağı nəzərdə tuturdu. Doğrudan da aprelin 5-dən sonra Rusiya bu istiqamətdə intensiv diplomatik səylər göstərib.

Ancaq Ermənistan prezidentinin danışıqlar masası arxasına keçməyə hazır olduğunu göstərən heç bir əlamət yoxdur. Belə vəziyyətdə Azərbaycan nə edəcək? Gözlənilir ki, prezident İlham Əliyev müasir silah və hərbi texnika alınması üçün Müdafiə Nazirliyinə Dövlət Neft Fondunun ehtiyatlarından böyük məbləğdə vəsait ayıracaq. Artıq Müdafiə Nazirliyi bunun anonsunu verib. Habelə Ermənistan danışıqlardan qaçsa və təmas xəttində vəziyyəti yenidən gərginləşdirməyə cəhd etsə Azərbaycanın yeni sarsıdıcı zərbələr endirməkdən başqa yolu qalmayacaq.(Virtualaz.org)