"Ermənistan və Azərbaycan prezidentlərinin ötən gün əldə etdikləri razılıqlar Dağlıq Qarabağ münaqişəsi ərazisindəki gərginliyə son qoymalıdır." Sabahinfo.az-in məlumatına görə, bunu Rusiyanın Dövlət Dumasının (DD) MDBişləri üzrə komitənin sədri Leonid Slutski deyib.
"Prezidentlərin Vyanada əldə etdikləri razılaşmalar, apreldə başlayan hadisələrə və sərhəddəki gərgin vəziyyətə son qoymalıdır. Bu son dərəcə vacibdir, çünkü bu münaqişə hələ də qaynardır və can almağa davam edir." Bu baxımdan, Slutskinin fikirincə Vyana danışıqları Dağlıq Qarabaq münaqişəsinin tənzimlənməsi üçün qlobal həll modeli olmalıdır. "Biz bu problemi gələcək nəsillərə saxlaya bilmərik."
İlham Əliyev və Serj Sarkisyanın görüşü ötən gün baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (Ceyms Uorlik, İqor Popov və Pyer Andrie), ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak ediblər.
Prezidentlər əvvəl ABŞ dövlət katibi Con Kerri və Avropa Diplomatiyasının rəhbəri Federika Mogerini ilə görüşüblər. Görüş zamanı cəbhə xəttində baş verən son hadisələr və atəşkəs rejiminə riayət edilməsi müzakirə olunub.
Ümumilikdə, görüşlər barədə açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, İlham Əliyev və Serj Sarkisyan Qarabağ münaqişəsinin yekun həlli üçün iyunda növbəti görüşün yeri və vaxtı ilə bağlı razılığa gələcəklər.
Tərəflər arasında atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı razılıq əldə olunub.