Milli Məclisin bu gün keçirilən plenar iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi müzakirə olunub.
Qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev məlumat verib. Onun sözlərinə görə, qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlar nəzərə alınıb.
"Qanun layihəsinin bəzi maddələrinə redaktə xarakterli düzəlişlər edilib, qanunun dili sadələşdirilib. Qanun layihəsinin 5.1-ci maddəsi yeni redaktədə verilir. İlkin variantda deyilirdi ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydada üçüncü şəxslərə açıqlanması yüklülüyün etibarlılığına təsir göstərmir. Bu o demək idi ki, yüklülüyün üçüncü şəxslərə açıqlanması könüllü xarakter daşıyırdı. Amma indi bu müddəa daha da konkretləşdirilib, yeni redaksiyada verilir. Təklif olunan redaksiyada deyilir ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlanması xüsusi yüklülük növləri üçün könüllü, dövlət və bələdiyyə yüklülük növləri üçün məcburi xarakter daşıyır. Qeyd etmək lazımdır ki, dövlət və bələdiyyə yüklülüyünün növləri qanun layihəsinin 4.2-ci maddəsində göstərilib.
Qanun layihəsinin 6.1-ci maddəsi eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsinin növbəliliyini müəyyən edir. Bu qanuna əsasən hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər. Bu maddədə tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən edilib. Məlumdur ki, pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər. Təklif olunur ki, hesabda olan pul vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş ödəmə növbəliliyindən istisna edilsin və yeni 6.4-cü maddə əlavə edilsin. Həmin maddədə qeyd edilir ki, bu qanunun digər maddələrinin müddəalarından asılı olmayaraq hesabda olan pul vəsaitlərinə yüklülük sahiblərinin tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində müəyyən edilmiş növbəliliklə bağlıdır.
Mülki Məcəllənin 965-ci maddəsi isə hesabdan pul vəsaitlərinin silinməsini aşağıdakı ardıcıllığını müəyyən edir Yəni, burada ilk növbədə həyata və sağlamlığa vurulmuş zərər, aliment tutulması ilə bağlı tələblər ödənilməlidir. İkinci növbədə işçilərin işdən çıxma ilə bağlı əmək haqqının ödənilməsi ilə bağlı tələblər ödənilməlidir. Üçüncü növbədə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fondlarına ödəmələr ödənilməlidir”.
Qeyd edək ki, qanun layihəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.
Qanun layihəsində Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulur.
Layihədə qeyd olunub ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Vergi orqanı tərəfindən vergi borclarının, onlara hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının vergi ödəyicisinin milli və xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması və ya dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilməsi, vergi orqanı tərəfindən vergi borcları, onlara hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin siyahıya alınması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin cari, valyuta və digər hesablarından həmin orqanın hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verməsi, gömrük orqanı tərəfindən vaxtında ödənilməmiş gömrük borclarının ödəyicidən tutulması üçün vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericilikdə müəyyən edilmiş qaydalarına uyğun olaraq, banka icra (ödəniş) sənədi verməsi, gömrük orqanı tərəfindən həm mövcud, həm də yarana biləcək gömrük borclarına görə təminat götürməsi dövlət və bələdiyyə yüklülüyünə daxildir.
Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.
Qeyd edək ki, "Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Başqa sözlə, qanun daşınar əmlakın girov qoyulması əsasında sahibkarların, fiziki şəxslərin maliyyə resursuna çıxışını asanlaşdıracaq. Xüsusi ilə kənd yerlərində əhali daşınar əmlakın girov qoyulması ilə kredit götürə biləcək. Eyni zamanda, qanun layihəsi bankların kreditvermə imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq.
Qanun layihəsinə əsasən daşınar əmlakın dövlət reyestrinin yaradılması nəzərdə tutulur. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.
Qanun layihəsi II və III oxunuşda səsə qoyularaq qəbul edilib.
azvision.az