Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından
qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən
kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 32
kiloqram 800 qramdan artıq narkotik vasitənin daşınmasının qarşısı
alınmış, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs
qismində tutulmuşdur. Belə ki, "İran-Azərbaycan” marşrutu üzrə
narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan
Respublikasının vətəndaşı – Abbasov Qabil Bəhram oğlu saxlanılmış,
keçirilmiş baxış zamanı onun idarə etdiyi avtomobilin yük yerindən 220
qram heroin, 1 kiloqram 700 qram tiryək, 4 kiloqram 337 qram həşiş
qətranı və 7 kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək
götürülmüşdür. Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan
Respublikasının vətəndaşları – Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir
Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu saxlanılmış, baxış zamanı
onlardan 9 kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək götürülmüşdür.
Müəyyən edilmişdir ki, Əlikram Ağayev, Tahir Əhmədov, Umud Nuriyev və
qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs
halında həmin narkotik vasitəni İran İslam Respublikası istiqamətindən
qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun Məlikqasımlı
kəndinin ərazisinə gətirmişlər. Milli Təhlükəsizlik Nazirliyinin daha
bir əməliyyat-axtarış tədbiri nəticəsində "İran-Azərbaycan” marşrutu
üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan
Respublikasının vətəndaşları - Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul
Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu və Nəcəfov Anar Himayət
oğlu saxlanılmış, keçirilən baxış nəticəsində onlardan 4 kiloqrama yaxın
tiryək və 3 kiloqram 860 qram qurudulmuş marixuana aşkar edilərək
götürülmüşdür. Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran İslam
Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına
narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının
vətəndaşı – Məlikov Vurğun Nazim oğlu saxlanılmış, ondan 1 kiloqram 500
qramdan artıq tiryək aşkar edilərək götürülmüşdür. Faktlarla bağlı Milli
Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət
Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik
vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət
işləri başlanılmışdır. Abbasov Qabil Bəhram oğlu, Ağayev Əlikram Məmməd
oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu, Əsədov
Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar
Allahverdi oğlu, Nəcəfov Anar Himayət oğlu və Məlikov Vurğun Nazim oğlu
təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin
qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işləri üzrə
bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər
iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri
davam etdirilir.