Müsavat Partiyasının "El” Hərəkatı ilə ikitərəfli əməkdaşlıq barədə
saziş imzalanması yenidən gündəmə gəlib. Xatırladaq ki, Müsavat Milli
Şuranı tərk edəndən sonra "El” Hərəkatına əməkdaşlıq sazişi imzalamağı
təklif etdi. "El” də Milli Şuradan çıxandan sonra Eldar Namazovla sabiq
Müsavat başqanı İsa Qəmbər arasında saziş ətrafında intensiv müzakirələr
aparıldı. Uzun müddətli cəhdlərə baxmayaraq, sözügedən sazişin
imzalanması gecikir. İndi məsələnin yenidən gündəmə gətirilməsi
ekspertlər tərəfindən birmənalı qarşılanmır. Müsavat başqanının keçmiş
müavini, politoloq Qabil Hüseynli "Olaylar”a açıqlamasında bildirdi ki,
müxalifət daxilində istənilən siyasi inteqrasiya mümkündür. Lakin
Q.Hüseynli Müsavat və "El” Hərəkatı arasında saziş imzalansa belə, bunun
səmərəli olmayacağını bildirib. O, bunu Eldar Namazovun rəhbərlik
etdiyi qurumun quru addan başqa heç nə ifadə etməməsiylə əlaqələndirib:
"Vaxtilə "El”də müxalifətin bir sıra tanınmış simaları toplaşmışdılar.
Amma sonradan baş verən anlaşılmazlıqlara görə, onlar qurumdan getdilər.
Eldar Namazovdan başqa "El” Hərəkatında kimlərin qaldığını bilmirəm.
Digər yandan Namazov son dövrlərdə passivdir və hansısa təşəbbüs, yaxud
siyasi fəaliyyətlə diqqət çəkmir. Müsavat Partiyası daxilində də ciddi
ixtilaf və parçalanmalar var. Belə olan halda Müsavat və "El” Hərəkatı
arasında bağlanacaq əməkdaşlıq haqqında saziş yalnız ictimai rəyə
yönəlmiş siyasi manevr xarakteri daşıyacaq. Yəni tərəflər bununla
siyasət meydanında olduğunu sübut etmək istəyəcəklər. Bundan uzağa gedə
bilməyəcəklər, çünki ortada heç nə yoxdur”. Qabil Hüseynli Müsavat
Partiyası daxilində baş verən proseslərə də münasibətini açıqlayıb.
Q.Hüseynli Müsavatın gələcək taleyinin partiya rəhbərliyinin yürütdüyü
siyasətdən asılı olduğunu deyib. "Son qurultayda yaranan fikir
ayrılıqları aradan qaldırılmasa, Müsavat parçalanmalardan xilas ola
bilməyəcək. Qubad İbadoğlunun basqıları altında olan digər partiya
üzvlərinin tənqidi iradlarının Müsavat rəhbərliyi tərəfindən necə
qarşılanması da bu yöndə vacib məsələdir. Qubad İbadoğlu hələ də
legitimliklə bağlı partiya rəhbərliyinə qarşı irəli sürdüyü iddiaların
üzərində qalır. Partiyanın gələcəyi Müsavat rəhbərliyinin ortada olan bu
problemlərə hansı münasibəti göstərməsindən asılı olacaq. Məsələlərin
həlli göründüyü qədər də asan deyil və ziddiyyətlər getdikcə dərinləşir”
– deyə politoloq vurğulayıb.