NƏ TAPMIŞAM SƏNDƏ MƏN
Bu sevginin dadından,
Söylə, bezmək olarmı?!
Dilin deyən kəlməyə,
Dodaq büzmək olarmı?!
Bir dəli sevdamızın,
Tanrısı sən, bəndə mən.
Heç özümdə bilmirəm,
Nə tapmışam səndə mən.
Sənin bu dəli sevdan,
Ürəyimə köz qoyub.
Sevgin məni izləyib,
Uzaqlardan göz qoyub.
Görəsən hardan düşdüm,
Kəməndə mən, bəndə mən.
Heç özümdə bilmirəm,
Nə tapmışam səndə mən.
Keçərəm qarşısına,
Sənə gələn əzabın.
Günahların mənimdi,
Sənin olsun savabın.
Səni axtaracağam,
Dumanda mən, çəndə mən.
Heç özümdə bilmirəm,
Nə tapmışam səndə mən.
Udub hər bir kəlməni,
Ağız dadım etmişəm.
Səni öz həyatımda,
Qohum, yadım etmişəm.
Ağzından çıxan sözü,
Bənzədirəm qəndə mən.
Heç özümdə bilmirəm,
Nə tapmışam səndə mən.
Fikrimdə, xəyalımda,
Hər anımda mənimsən.
Cavanlığın yanımda,
Qocalanda mənimsən.
Ölüncə yaşayaram,
Saçındakı dəndə mən,
Heç özümdə bilmirəm,
Nə tapmışam səndə mən.
Başqa yerdə axtarma,
Ürəyində tap məni,
Sevgi alovlarında,
Yandır məni, yax məni.
Mən elə sənə dönüb,
Yurd salmışam səndə mən.
Heç özümdə bilmirəm,
Nə tapmışam səndə mən.
Durmuşam yolun üstə,
Sən gələndə can deyim.
Gələn qədəmlərinə,
Ömrümü qurban deyim.
Səni çox axtarmışam,
Quranda mən, dində mən.
Heç özümdə bilmirəm,
Nə tapmışam səndə mən.
Səndən ayrı yaşamaz,
Nə ruhum, nə varlığım.
Qolların arasında,
Çatacaq qocalığım.
Sonda pıçıldayaraq,
Deyəcəm öləndə mən,
Heç özümdə bilmirəm,
Nə tapmısan məndə sən.
***
ŞEİR
Bax iki həftədən bir gündə artıq,
Hərəmiz bir yanda dərdə calandıq.
Nə xəbər göndərdik, nə də çağırdıq,
Sevənlər bu qədər incikmi, deyir,
Bitirdin sən bizi, bitirdin şeir.
Bizim ayrılmamız çoxları üçün,
Elə bil nişana, toya dönübdü,
Sevən ürəkləri dərdə salmışıq,
Kədər həsrət dolu loxma çeynəyir,
Bitirdin sən bizi, bitirdin şeir.
Sən mənim misramdın, mənim sözümdün,
Danışan dilimdin, görən gözümdün.
Lal oldum, kor oldum, yenə dözümmü?
Həyatlar puç oldu, qalmışıq əlil,
Bitirdin sən bizi, bitirdin şeir.
Yazmısan səhf idi, oldu, qurtardı,
Bir səhflə bu qədər sevgi batardı?
Enmişik, sevgimiz gedən qatardı,
Onu yaşatmağa etmədik meyil,
Bitirdin sən bizi, bitirdin şeir.
Hər gecə evinin pəncərəsində,
İntihar eləyir sənli xəyallar.
Bir addım mən atım, birin də sən at,
Diz çökək sevgiyə,baş əyək ona.
Biganə qalmayıb, etməyək zəlil,
Bitirdin sən bizi, bitirdin şeir.
***ÖLDÜRMÜŞƏM
Uca zirvələrin qarı çox olar,
Qara saçlarında dən öldürmüşəm.
Gözlərin zirvəyə həsəd aparar,
Qumral gözlərində nəm öldürmüşəm.
Keçib qayaların içindən duman,
Süzülüb bulaq tək dərədən zaman,
Daha görüşməyə qalmayıb güman,
Sinəmin dağında çən öldürmüşəm?
Alıb xəyalını gedirəm burdan,
Yəqin zirvələrim ağarmaz qardan.
Nə özümdən doydum, nə də ki, yardan,
Özümü səninlə tən öldürmüşəm.
Sevgi musiqimiz duran deyildi,
Zilində olarkən bəm öldürmüşəm,
Əgər gedər olsam mən bu dünyadan,
Deyərsən Rəhimi mən öldürmüşəm.
***SORUŞSALAR
Səndən soruşsalar, niyə ayrıldın,
Biraz qarğış elə, biraz da pislə.
O mənim sevgimə layiq deyildi,
Bütün günahları at mənim üstə.
Onun xəyalları kiçik olubdu,
Vədəsi yetişib, vaxtı dolubdu,
Ürəyim əlindən vaxtsız solubdu,
Biraz da Tanrıdan yamanlıq istə.
Denən yaraşmadı, yanıma mənim,
O həm dağım idi, həm də ki, çənim.
Bakirə sevgimə kəsildi qənim,
Biraz nifrət eylə yolumun üstə.
Nə qədər acığın varsa de gəlsin,
Yandırar könlünü qalsa, de gəlsin,
Məni də düşünən olsa, de gəlsin,
Biraz da Allahdan ölməmi istə.
Məndən soruşsalar, o indi harda,
Könlü intizarda, gözləri yolda.
And olsun, yaşanan o xəyalları,
Yenə gəzdirirəm başımın üstə.
***
HƏSRƏT
Əgər könlün tənhalıqdan darıxsa,
Uzun-uzun yollarına baxırsa.
Göz yaşların yanağından axırsa,
Qumral gözlüm, buna həsrət deyirlər.
Baxışların canlar alan oxdu ki,
Sevgimizə qibtə edən çoxdu ki,
Mənim təki əzizləyən yoxdu ki?
Şirin dillim, buna həsrət deyirlər.
Qaya olsa yarıb onu dələrəm,
Harda olsan yenə sənə gələrəm.
Ay insafsız, sən olmasan ölərəm,
Qara tellim, buna həsrət deyirlər.
Ürəyimdən göndərmişəm gül sənə,
Sənlə mənim qəlbim dönüb gülşənə.
Sevgim səndə, qəlbim səndə, gülsənə,
Günüm-ayım, buna həsrət deyirlər.