Neftin qiyməti sentyabrdan etibarən ən aşağı səviyyəyə enib

ABŞ-da kommersiya neft ehtiyatlarının həcminin kəskin artması nefti ucuzlaşdırmaqda davam edir, Brent neftinin qiyməti sentyabr ayından etibarən ən aşağı səviyyəyə enib.

 

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,77 dollar və ya 1,65% azalaraq 45,90 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar və ya 1,5% azalaraq 47,42 dollar olub.

 

Xatırladaq ki, ABŞ Neft İnstitutunun açıqladığı statistikaya əsasən, həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 9,3 mln. barrel artıb.

 

Onu da qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyi ölkənin neft ehtiyatlarının həcmi ilə bağlı rəsmi statistikanı Bakı vaxtı ilə saat 18:30-da açıqlayacaq.

 

"S&P Platts" tərəfindən aparılan sorğuya əsasən, ABŞ-ın neft ehtiyatları həftə ərzində 1,9 mln. barrel artıb.

 

Nefti kəskin ucuzlaşdıran əsas amillərdən biri də OPEC üzvlərinin sutkalıq hasilatın 32,5-33 mln. barrel səviyyəsində dondurulması ilə bağlı razılığa gələ bilməmələridir. OPEC-in bəzi üzvləri kvota bölgüsündə xüsusi imtiyazlar istəyir. Artıq İran, İraq, Liviya, Nogeriya kimi ölkələr hasilatı azaltmayacağını bəyan edib. Nigeriyanın Energetika Nazirliyinin rəsmiləri bildirib ki, ilin əvvəlindən ilk dəfə olaraq ölkənin sutkalıq hasilatı 2 mln. barreli ötüb.
 

Rusiya isə hasilatı indiki, yəni SSRİ dövründən etibarən ən yüksək səviyyədə dondurmaq istəyir.