Gələn həftə Azərbaycana gömrük ödənişləri ödənilmədən gətirilən ərzaq, alkoqollu içki və siqaretlə bağlı məhdudiyyət qüvvəyə minəcək.
sabahinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edilməsi barədə 8 iyul 2016-cı il tarixli qərarında əksini tapıb.
Qərar avqustun 8-də qüvvəyə minəcək. Bu qaydalar fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. İndiyə qədər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilib. Dəyişikliyə əsasən bu sahədə məhdudiyyət müəyyənləşdirilib.
Artıq hər təqvim ayı ərzində bir dəfə Azərbaycanın gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə biləcək. Səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalara bu məhdudiyyət tətbiq olunmur.
Bundan sonra hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsündən çox nərə balıq cinsi və balıq kürüsü də güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməyəcək. Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar zamanı da hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
İndiyə qədər 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilib. Dəyişikliyə əsasən bu sahədə də hər təqvim ayı ərzində bir dəfə məhdudiyyəti tətbiq olunacaq. Başqa sözlə, Vergi Məcəlləsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
Əgər indiyə qədər 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla) gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilibsə, dəyişikliyə əsasən artıq hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək. Bu hallarda nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.