Artım İraqda hasilatın rekord səviyyəyə çatması və Liviyanın hasilatı bərpa etməsi hesabına baş verib.
OPEK təşkilatı üzvlərinin neft hasilatı bu ilin sentyabrında 160 min barel/gün və ya 0,48% artaraq 33,64 milyon barel/günə çatıb. Bu, yeni tarixi rekord sayılır.
sabahinfo.Az-ın məlumatına görə, bu barədə "Report” Beynəlxalq Energetika Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.
Artım əsasən İraqda hasilatın rekord səviyyəyə çatması və Liviyanın hasilatı bərpa etməsi hesabına baş verib. Bu iki ölkədəki hasilat artımı Anqola və Səudiyyə Ərəbistanının hasilatındakı azalmanı kompensasiya edib.
Ümumilikdə, OPEK-in hasilatındakı yüksəliş neft təklifinin keçən ilin analoji dövrü ilə müqayisədə 900 min barel/gün artmasına səbəb olub. Qlobal neft təklifi sentyabrda illik müqayisədə 0,6 milyon barel/gün artıb.
Qeyd edək ki, OPEK üzvü olmayan ölkələrdə ümumi neft hasilatı isə sentyabrda illik müqayisədə 500 min barel artaraq 56,59 milyon barel/gün olub.
Bu ölkələr sırasında hasilatın ən güclü artımı Kanadada baş verib və gündəlik 4,32 milyon barel təşkil edib. Beləliklə, sentyabrda gündəlik qlobal neft təklifi 97,2 milyon barelə çatıb. İEA-ya görə, bu il neftə tələbin 96,3 milyon barel/gün, gələn il isə 97,5 milyon barel/gün olması proqnozlaşdırılır.