Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə
heyəti MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında və 1941-1945-ci
illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak
etmək üçün sabah Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Parlamentdən verilən məlumata görə,
nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Arif Rəhimzadə,
deputatlardan Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, parlament
Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində parlamentin sədri MDB PA-nın Şura iclasına qatılacaq. Şurada
təşkilatın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlər müzakirə
olunacaq, Parlamentlərarası Assambleyanın ötənilki fəaliyyətinin nəticələri
dinləniləcək. Qurumun plenar iclasında Vətənin müdafiəsi zamanı həlak olanların
xatirəsinin əbədiləşdirilməsi, Vətənpərvərlik ruhunda tərbiyə, Sərhəd
təhlükəsizliyi, Auditor fəaliyyəti haqqında model qanun layihələrinə və digər
məsələlərə baxılacaq.
Deputatlarımız qurumun Sosial siyasət və insan hüquqları, Siyasi məsələlər və
beynəlxalq əməkdaşlıq, Hüquqi məsələlər, Elm, təhsil üzrə daimi komitələrinin
iclaslarında müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini
bildirəcəklər. Nümayəndə heyətimizin üzvləri səfər çərçivəsində 1941-1945-ci
illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərə
qatılacaqlar. Milli Məclis sədrinin buradakı tədbirlərdə iştirak edən nümayəndə
heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Səfər aprelin
17-də başa çatacaq.