“Böyük dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda tarixən mübarizə aparıb. Bu münabirəzinin məntiqi nəticəsi kimi XX əsrin əvvəllərində müstəqil demokratik dövlət qurub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bu mübarizənin parlaq nümunəsidir. O dövrdə Milli Şura İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Eləcə də, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Bundan əlavə, 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti çox ağır zamanlarda cəmi 23 ay yaşamasına baxmayaraq böyük ideyaların əsasını qoymuş oldu. Bunun nəticəsi idi ki, xalqımızın azadlıq arzuları daim yaşadı və XX əsrin sonlarında müstəqilliyimiz bərpa edildi. Çox mürəkkəb geosiyasi dövrdə-1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Pərvin Kərimzadə qedy edib ki, bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdi. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu Öndərin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir. Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirən, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə baxmayaraq imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yazsın.
Təsadüfi deyil deyil ki, Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Ümummilli liderimizin layiqli varisi Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu və Cümhuriyyətin 100 illik yubileyi çox yüksək səviyyədə qeyd edildi. Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”.
“Bu gün Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan dünya miqyasında güclü və qüdrətli dövlətə çevrilib. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi Zəfərə imza atdı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycanın üçrəngli bayrağının bu gün işğaldan azad olunmuş Şuşada və digər ərazilərimizdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.