Asif Əsgərov
Milli Məclisin deputatı
25 oktyabr tarixi Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutur. Həmin gün Qubadlı şəhərinin işğaldan azad olunması ilə yadda qalıb və Vətən müharibəsində əhəmiyyətli strateji dönüş nöqtəsi kimi qeyd olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun göstərdiyi qəhrəmanlıq və peşəkarlıq sayəsində bu qədim diyar öz sahiblərinə qayıdıb. Qubadlının azad olunması həm hərbi uğur, həm də milli birliyin təcəssümü kimi tarixin yaddaşına həkk olunub.
Qubadlı rayonu ölkənin cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr ərazisi ilə bölgənin strateji coğrafi nöqtələrindən biridir. Rayonun dağlıq relyefi, Həkəri və Bərgüşad çaylarının axarı kənd təsərrüfatının və ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Qubadlının torpaq fondu 79 min hektardan çox olmaqla yanaşı, təbii sərvətləri də zəngindir. Burada mərmər, əhəng daşı, tuf, yəşəm və mişar daşı kimi mineral ehtiyatlar mövcuddur, həmçinin meşə sahələri və təbii dərman bitkiləri rayonun iqtisadi potensialını gücləndirir. Bu zəngin təbii resurslar azad ərazilərin gələcək inkişafı üçün mühüm baza rolunu oynayır.
1988-ci ildən etibarən Qubadlı rayonu Ermənistan silahlı qüvvələrinin təxribatlarına məruz qaldı və 1993-cü il avqustun 31-də tamamilə işğal edildi. İşğal nəticəsində 30 min nəfərə yaxın insan məcburi köçkün vəziyyətinə düşdü. Rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid və 16 körpü tamamilə dağıdıldı. Bundan əlavə, kənd təsərrüfatı obyektləri, su anbarları, magistral su və elektrik xətləri, qaz boru xətləri və tikinti idarələri məhv edilmişdi. İşğal dövründə qanunsuz məskunlaşma siyasəti həyata keçirildi, xaricdən gətirilən ermənilər Xanlıq kəndində salınan qəsəbədə yerləşdirildilər ki, bu da beynəlxalq hüququn kobud şəkildə pozulması demək idi.
2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi zamanı şanlı ordumuzun əks-hücum əməliyyatı nəticəsində Qubadlının strateji yüksəkliklərinin alınması mühüm dönüş nöqtəsi olub. Şəhərin alınması uğrunda aparılan döyüşlər çətin relyef şəraitində, dağlıq yüksəkliklərdə aparılıb. Azərbaycan Ordusu böyük peşəkarlıq və fədakarlıq göstərərək Xanlıq, Padar, Sarıyataq kəndlərini azad edib. Oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması İkinci Qarabağ müharibəsində döyüş taktikasının mükəmməlliyini, həm də milli birliyin gücünü bir daha nümayiş etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin 15 mindən çox hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Həmin addımlar igidlərin şücaətini və vətənpərvərliyini dövlət səviyyəsində tanıdan ali dəyərdir. Bu amillər azadlıq uğrunda mübarizənin, qəhrəmanlığın və xalqın həmrəylinin təntənəsi kimi əlamətdardır.
İşğaldan azad edilmiş Qubadlı şəhəri və kəndlərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri Böyük Qayıdış Proqramının mühüm komponentlərindən biridir. Mahruzlu və Zilanlı kəndlərində aparılan tikinti işləri minlərlə sakinin doğma torpaqlarına qayıdışını təmin edəcək. Mahruzluda birinci mərhələdə 190 ev inşa edilir, Zilanlıda isə 159 ev tikilir. Bu kəndlərdə gələcəkdə 3 mindən çox sakinin məskunlaşması planlaşdırılıb. Bərpa işləri sosial obyektləri, məktəbləri, səhiyyə müəssisələrini və müasir infrastruktur sistemlərini əhatə edir.
Qubadlının bərpa prosesində yol infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Qubadlı–Eyvazlı avtomobil yolu 28,5 kilometr uzunluğa malikdir və bölgənin kəndlərini birləşdirərək iqtisadi və sosial əlaqələri möhkəmləndirir. Həmçinin, 2023-cü il sentyabrın 5-də imzalanmış Sərəncama əsasən, yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20 milyon manat vəsait ayrılıb. Bu layihələr azad olunmuş ərazilərin davamlı inkişafına və inteqrasiyanın güclənməsinə xidmət edir.
Azad Qubadlı milli iradənin, bərpa prosesinin və gələcəyə inamın təzahürüdür. Burada həyata keçirilən hər bir layihə həm tarixi Zəfərin yadigarı, həm də müasir inkişafın təcəssümü kimi dəyərləndirilir. Qubadlıya qayıdan insanlar yalnız evlərinə deyil, həm də tarixi torpaqların dirçəlişinə qovuşurlar. Hər bir infrastruktur layihəsi, hər bir yeni yol və sosial obyekt regionun sosial-iqtisadi inkişafını sürətləndirir və gələcək nəsillər üçün dayanıqlı mühit yaradır.