Böyük Qayıdışın Xocalı səhifəsi

İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasını və bu ərazilərin yerli sakinlərinin geri dönüşünü təmin etmək üçün hazırlanmış Böyük Qayıdış konsepsiyası təkcə Azərbaycanda deyil, region dövlətləri tərəfindən olduqca maraqla qarşılanır. Qısa müddət ərzində böyük layihələrin icrasını hədəfləyən konsepsiya dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisini davam etdirir. 2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bir neçə şəhərində - Zəngilan, Laçın, Füzuli, Şuşa, Xocılada azərbaycanlıların qismən məskunlaşdırılması təmin edilmişdir. Zəngilanın Ağalı kəndi azərbaycanlıların işğaldan sonra məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində -  Laçın, Zabux və Sus azərbaycanlıların məskunlaşdırılması təmin edilib.
Göründüyü kimi azad edilmiş ərazilərdə Böyük Qayıdış konsepsiyası ardıcıllıqla icra olunmaqdadır. Azərbaycan öz imkanları ilə 30 ilə yaxın Ermənistanın dağıdıb viran qoyduğu ərazilərdə bərpa-quruculuq işləri həyata keçirir. Böyük Qayıdış konsepsiyası çərçivəsində Şuşa şəhərinin əzəli sakinlərinin bir qrupunun ata-baba ocaqlarına dönüşü təmin edilib. Təbii ki, bu xalqımızın tarixində əlamətdar qürurverici hadisədir. Prezident İlham Əliyev də 10 may tarixində Şuşa köçmüş ilk sakinlərlə görüşüb.
Şuşalılarla görüşündə cənab Prezident bildirdi ki, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabr ayının 15-də, Prezidentlik dövrünün 20 illiyində Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı İlham Əliyevin doğum günlərini, bayramlarımızı, tarixi günləri işğaldan azad edilmiş ərazilərdə, əsgərlərimizlə birlikdə qeyd etməsi artıq ənənə halını alıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümündə ölkə başçısının xanımı Mehriban Əliyeva və qızları Arzu Əliyeva ilə birgə Ağdam və Xocalı rayonlarına gedərək sakinlərlə görüşməsi bu ənənənin davamıdır. 
Onu da bildirək ki, iki il öncə Müstəqillik Günü ərəfəsində Prezident Ağalı sakinləri ilə görüşmüşdü. Onlar da məhz o gündə doğma torpaqlarına qayıtmışdılar. Keçən il Müstəqillik Günündə Prezident Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdi. Bu ilə bu əlamətdar gündə Prezidentlət görüş xocalılara nəsib oldu.
Beləliklə soydaşlarımızın qayıtdıqları ünvanlar sırasına Xocalı şəhəri də daxil oldu.  Dövlət başçısı İlham Əliyevin Xocalı şəhərinə köçən sakinlərlə görüşündə vurğuladığı kimi, bu qayıdışın Müstəqillik Gününə düşməsi təsadüfi deyil. Prezidentin ailə üzvləri ilə birlikdə Xocalı şəhərini gəzməsi, burada görülən işlər və Xocalı şəhərinin Baş planı ilə tanış olması ölkə rəhbərliyinin işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsinə olan diqqətinin bariz nümunəsidir.
Həm 44 günlük ikinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz, həm 2023-cü ilin sentyabrında ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə Azərbaycanda yeni dövr başladı. Azad olunmuş ərazilərimizin bərpası, soydaşlarımızın Böyük Qayıdışı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

FUAD HÜSEYNZADƏ

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.