Böyük vətənpərvər və milli təəssübkeş

Böyük xeyriyyəçi, milli və mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı, nəcib əməllər müəllifi, Azərbaycan həqiqətlərini fədakarcasına dünyaya çatdıran şəxsiyyət, vətənə və xalqa layiqli xidmət nümunələri yaradan dövlət xadimi… Ad çəkilmədən belə bu ifadələri oxuyanda söhbətin Mehriban xanım Əliyevadan getdiyi hər kəsə dərhal agah olur. Çünki cəmiyyətimiz, xalqımız Mehriban Əliyevanı məhz bu xarakterik keyfiyyətləri ilə tanıyıb, onu hər zaman belə əməllərlə bizə təqdim edən yüksək mənəvi dəyərlərin ucalığında görüb.
Respublikamızın Birinci vitse-prezidenti, Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti cəmiyyət həyatı üçün gərəkli olan geniş bir spektri əhatə edir. Ayrı-ayrı sahələr olsa da, onların hər biri üzrə Mehriban Əliyevanın gördüyü işlər möhtərəm Prezident İlham Əliyevin siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursunun dəstəklənməsinə xidmət edir. Eyni zamanda Mehriban Əliyevanın bu vəzifələrdə həyata keçirdiyi fəaliyyətin mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarının həyata vəsiqə alması dayanır. Nəzər yetirdikdə görürük ki, Mehriban Əliyeva özünün çoxşaxəli missiyasında qarşısına qoyduğu bütün məqsədlərə layiqincə çatmaqla, cəmiyyətə vətənə xidmətin ən gözəl nümunələrini təqdim edir, ümummilli çağırışlarla bağlı əsl vətəndaşlıq mövqeyi ortaya qoyur.

Ümumiyyətlə, Mehriban Əliyevanın milli təəssübkeşliyə əsaslanan və yüksək mənəvi dəyərləri özündə ehtiva edən fəaliyyətini iki istiqamətdə qruplaşdırmaq olar. Bunlardan biri vətənə xidmət, digəri isə insanlara yaxşılıq etməkdir. Mehriban Əliyevanın gördüyü işlərə və əldə etdiyi uğurlarına nəzər salanda bunu aydın görmək mümkündür. Məsələn, Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan Mədəniyyət Fondunun uzun illər həyata keçirdiyi layihələr milli mədəniyyətimizin qorunmasına və dünyada təbliğinə xidmət edir. Eyni zamanda Mehriban Əliyeva hazırda dünyada böyük maraqla qarşılanan mədəni nümunələrimizin yad ünsürlər tərəfindən mənimsənilməsinin qarşısını alıb. Fondun keçirdiyi festivallar, konsertlər və sərgilər də bu məqsədə xidmət edib.

Məqsəd və məramı Ulu Öndərin ideyalarının təbliği və irsinin yaşadılması olan Heydər Əliyev Fondunun isə Azərbaycanın müasir tarixindəki xidmətləri əvəzolunmazdır. Heydər Əliyev Fondunun cəmiyyət həyatının demək olar ki, bütün sahələrində imzası var. Heydər  Əliyev Fondunun dəstəyi ilə ötən 20 ildə Azərbaycanda inşa olunan və bərpa edilən yüzlərlə orta məktəb, xəstəxana, uşaq bağçası, internat məktəbləri, uşaq evləri məhz bu fonda layiqincə rəhbərlik edən Mehriban xanım Əliyevanın sosial təşəbbüslərinin təcəssümüdür. Fond həm də mədəni-humanitar sferada əzəmətli layihələr reallaşdırır, tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Bu baxımdan Mehriban Əliyeva cəmiyyətimizdə Azərbaycan təhsilinin, səhiyyəsinin və mədəniyyətinin inkişafının himayədarı kimi tanınır. 
Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif məzmunlu tədbirlərlə Mehriban Əliyeva hər zaman Ermənistanın işğalçı simasını ifşa edib, Xocalı hadisələrinin ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən Ermənistanın törətdiyi soyqırımı cinayəti kimi tanınmasını təmin edib. Bütün bunların nəticəsi kimi xalqımız Mehriban Əliyevanı böyük vətənpərvər və milli təəssübkeş kimi tanıyır. 

Heydər Əliyev Fondunun fəaliyyətini xalqımız Mehriban Əliyevanın milli- mənəvi dəyərlərimizə bağlılığının göstəricisi olaraq qəbul edir. Lakin Mehriban Əliyevanın təşəbbüsləri, fondun reallaşdırdığı proqramlar yalnız ölkəmizlə yekunlaşmır. Bu fəaliyyət həm də qlobal miqyasda sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa xidmət edir. Mehriban Əliyevanın təşəbbüsləri ilə fondun Pakistanda, Rusiyada, Vatikanda həyata keçirdiyi layihələr həmin ölkələrdə daim böyük minnətdarlıqla xatırlanır.

Ümumiyyətlə, Mehriban Əliyeva yüksək işgüzarlığı, vətən sevgisi, insanlara qayğısı ilə xalqımızın yüksək rəğbətini və etimadını qazanmış şəxsiyyətdir. Bu baxımdan 2017-ci ilin fevral ayında cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması bu etimadın və Mehriban Əliyevanın  fəaliyyətinə verilən ali qiymətin təcəssümüdür. Mehriban Əliyeva Birinci vitse-prezident kimi ona göstərilən etimadı əməli işləri ilə uğurlu şəkildə doğruldur, Azərbaycan üçün yeni olan bu vəzifəni layiqincə yerinə yetirir. Böyük məmnunluqla qeyd etməliyik ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi dövlətimizin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə yüksək töhfələr verir. 

Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyəti də cəmiyyətdə xüsusi rəğbət doğurur. Çünki bu fəaliyyət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə və Heydər Əliyevin ideyalarının həyata vəsiqə almasına xidmət edir. 

Ərazi bütövlüyümüzün təmin edilməsindən sonra respublikamız üçün yeni tarixi dövr başlayıb. Bu yeni dövrün öz hədəfləri və vəzifələri var. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən hər bir uğur göstərir ki, yeni vəzifələri yerinə yetirmək üçün qarşımızda keçilməsi mümkün olmayan hədəf yoxdur. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən kompleks bərpa və quruculuq işləri də bunu təsdiq edir. Düşmən tapdağından xilas edilmiş torpaqlarımız Prezident İlham Əliyevin qətiyyəti ilə cənnətə çevrilir. Bu ümummilli vəzifənin yerinə yetirilməsində Mehriban Əliyevanın xidmətləri, Qarabağın, Şərqi Zəngəzurun ermənilər tərəfindən vandallığa məruz qalmış tarixi və mədəni abidələrinin bərpasına verdiyi dəyərli töhfələr bir daha onun milli təəssübkeşliyini və torpaqlarımızın azad edilməsindən keçirildyi böyük qürur hissini göstərir.

Bütövlükdə Mehriban xanım Əliyevanın geniş və çoxşaxəli fəaliyyətinin məzmununu və fəlsəfəsini respublikamızın yüksəlişi, xalqımızın sosial rifahı təşkil edir. Eyni zamanda bu fəaliyyət Azərbaycan dövlətinin qlobal miqyasda gözəl təqdimatıdır. 

Özündə Ulu Öndər Heydər Əliyev ideyalarını və Prezident İlham Əliyevin siyasi kursunu layiqincə əks etdirən bu fəaliyyət qarşıdakı dövrdə  də ölkəmizə möhtəşəm nailiyyətlər bəxş edəcək.

Cəbi QULİYEV,
Milli Məclisin deputatı