Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov Respublika Mətbuat Mərkəzində keçirdiyi brifinqdə səsvermənin yekunları barədə məlumat verib.
Komissiya sədri deyib ki, ölkədə 14 dairə və 9,381 seçki məntəqəsi fəaliyyət göstərib. Bu gün məntəqələrə 17,69 milyon seçici gəlib. Bu da seçicilərin 86,62 faizi deməkdir.
Özbəkistan qanunlarına görə seçicilərin 33 faizi səs verdikdə seçkilər baş tutmuş hesab edilir. Qalib gəlmək üçün prezidentliyə namizəd seçicilərin 50 faizindən çoxunun səsini qazanmalıdır.
Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri iştirak edirlər. Bunlar Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, "Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, "Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevdir.