Qənirə Paşayeva Slovakiyanın sabiq baş naziri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Slovakiyanın sabiq baş naziri İveta Radicova ilə görüşüb.

sabahinfo.az-ın məlumatına görə,  millət vəkili görüşdə  Azərbaycanın Slovakiya ilə bütün istiqamətlərdə  əlaqələrin  inkişafına böyük önəm verdiyini deyib. 

Azərbaycan ilə Slovakiya  arasında əməkdaşlığın getdikcə inkişaf etdiyini deyən Q.Paşayeva bu əməkdaşlığın hər  iki  dövlətin  təmsil olunduğu  beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə güclənməsinin vacibliyinə toxunub. 

Azərbaycanın Slovakiya  ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən Q. Paşayeva eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib.

O, həmçinin,  Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvəllərində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən "Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları  sabiq baş nazirə təqdim edib. 

Ölkəsinin  Azərbaycanla  əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən   Slovakiyanın sabiq baş naziri İveta Radicova  ilə Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi də aparılıb.