Ramiz Mehdiyev mükafatları təqdim etdi - FOTO

Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilməyə başlayıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib.

sabahinfo.az-ın AzərTac-a istinadən verdiyi məlumatina görə, "Gülüstan” sarayında keçirilən mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mükafatları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevtəqdim edib.

Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, 41 nəfər "Tərəqqi” medalı, iki nəfər "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Prezidentinin imzaladığı digər Sərəncama əsasən isə elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir nəfər "Əməkdar elm xadimi”, iki nəfər "Əməkdar jurnalist”, iki nəfər "Əməkdar artist” adına layiq görülüb.

Son illərdə diaspor quruculuğu sahəsində mühüm uğurlar qazanılıb. Bu sahədə uğurların əsası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə, Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev tarixi, dərin məzmunlu nitq söyləyib. 

Məhz bu qurultaydan sonra Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilməyə başlayıb. Bu gün dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlı ümumi amallar naminə vahid qüvvəyə çevrilib. 

Diasporumuz dünyada Azərbaycanın haqq səsinin eşidilməsində, ölkəmizlə bağlı həqiqətlərin yayılmasında əlindən gələni etməlidir. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin tarixi nitqi hər bir diaspor üzvü üçün proqram xarakterli oldu.

Dövlətimizin başçısının Sərəncamı ilə təltif edilən Azərbaycan diasporunun üzvləri ölkəmiz naminə daha da fəal olacaqlarını, Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrdə yayılması üçün gələcəkdə də maksimum səylə çalışacaqlarını bildiriblər.

Mərasim bədii hissə ilə davam edib.