Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibend Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Ed Milibend COP29-da iştirak etmək üçün noyabrda Azərbaycana gələcək. O, Böyük Britaniya nümayəndə heyətinə əsas beynəlxalq iqlim danışıqları zamanı rəhbərlik edəcək və dünyanın müxtəlif ölkələrindən siyasi liderlərlə görüşəcək”, - məlumatda qeyd edilib.
Nəşr qeyd edib ki, iqlim diplomatiyasının yüksək səviyyəli xadimləri bu addımı alqışlayıblar. Bununla yanaşı, Britaniya hökumətinin bu ilin sonunda BMT-nin çətin və gərgin iqlim ilə bağlı sammiti üçün həlledici rol oynayacağını bildirib.
Məlumata görə, sammitin gündəliyinin əsas bəndi inkişaf etməkdə olan ölkələrə istixana qazlarının emissiyalarını azaltmaq və ekstremal hava şəraitinin nəticələrinin öhdəsindən gəlmək üçün iqlimin maliyyələşdirilməsi olacaq.
“Ed Milibend COP-un və bu çoxtərəfli danışıqlarla bağlı bütün məsələlərdə sübut edilmiş təcrübəyə malikdir. 14 ildir ki, eniş-yoxuşları diqqətlə izləyir və sıfırdan başlamaq məcburiyyətində qalmayacaq”,- BMT-nin İqlim Dəyişikliyi Komissiyasının sabiq icraçı katibi, Paris Sazişinə sədrlik edən və hazırda "Global Optimism" analitik mərkəzinin qurucu tərəfdaşı Kristiana Fiqeres bildirib.
Qeyd edək ki, E.Milibend 2008-2010-cu illərdə Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi üzrə dövlət katibi vəzifəsində çalışıb. O, 5 iyul 2024-cü ildə enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi vəzifəsinə təyin edilib.Report