Rusiya və ABŞ arasındakı diplomatik gərginlik daha da şiddətlənib.
Sabahinfo.az Lent.az -a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika şöbəsinin rəhbəri Georgi Borisenko ölkəsindəki amerikalı diplomatların sayını daha da azalda biləcəklərini deyib. ABŞ-ın tələbi ilə bir çox rus diplomatların okeanın o tayından geri göndərilməsi və bu səbəbdən BMT-dəki missiya da daxil olmaqla ABŞ-da yalnız 455 rus diplomat və texniki heyətin qaldığını deyən Borisenko özlərinin də adekvat addım ata biləcəklərini bildirib.
Rusiyalı siyasətçi bəyan edib ki, rəsmi Moskva amerikalı diplomatların sayını 300-ə və daha aşağı səviyyəyə salmaq hüququnu özündə saxlayır.
Qeyd edək ki, son illərdə ABŞ rusiyalı diplomatları kütləvi şəkildə ölkədən xaric edib. Rəsmi Moskva bəyan edib ki, ABŞ hökuməti artıq rus diplomatların sayını 60 faiz azaldıb.