23 may tarixində səfir Elxan Qəhrəman nəzakət görüşü ilə Küveyt Dövlətinin Vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın qəbulunda olub.
sabahinfo.az-ın məlumatına görə, görüş zamanı səfir Prezident İlham Əliyevin şəxsən Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha, Vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabaha və bütün Küveyt xalqına ünvanladığı səmimi salamları və xoş arzuları çatdıraraq, Azərbaycan rəhbərliyinin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.
Ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münbit şərait yaratdığını bildirən səfir E. Qəhrəman, İslam dinini birincilər sırasında qəbul etmiş Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq, mövcud əlaqələrin qurulması və inkişafında xalqımızın Ümummilli lideri Heydər Əliyevin böyük rolunu vurğulayıb.
O, daha sonra İ.Əliyevin 2009-cu ilin fevral ayında Küveytə rəsmi səfərinin əhəmiyyətini, eyni zamanda, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı səmimi münasibətlərin inkişafına güclü təkan verdiyini bildirib.
Həmçinin, Şeyx Nəvaf Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.
Daha sonra, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açan səfir, ölkəmizin taleyüklü problemi olan Ermənistan - Azərbaycan münaqişəsilə əlaqədar Küveyt Dövlətinin Respublikamıza göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib, iki ölkə arasında mövcud sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.
Küveyt Dövlətinin Vəliəhdi Küveyt rəhbərliyi və xalqının Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını və bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.