“Sosial şəbəkələrdə yalan epidemiyası yayılır” - Hillari Klinton

"İndi aydın olur ki, saxta, yalan xəbərlər bizi əhatə edən dünyada real nəticələrə gətirib çıxarır. Söhbət təkcə siyasətdən getmir, adi insanların həyatı da risk altındadır".

Sabahinfo.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klinton Konqres üzvlərinə müraciətində deyib. O, sosial şəbəkələrdə yanıldıcı xəbərlərin yayılmasına diqqət göstərməyə çağırıb və bu problemi "zərərli, saxta informasiyaların və yalan təbliğatın epidemiyası" adlandırıb.   
 
"Facebook"un əməliyyat direktoru Şeril Sendberq isə bəyan edib ki, "fake" xəbərlər ABŞ-dakı seçkilərin nəticələrinə təsir etməyib. O qeyd edib ki, yalan xəbərlər vacib problemdir, lakin onların təsirini şişirtmək lazım deyil: "Belə iddialar var idi ki, bu məsələlər seçkinin nəticələrinə təsir göstərib. Biz isə düşünürük ki, göstərməyib".
 
Ş. Sendberq "Facebook"un bu problemlə məşğul olduğunu və yalan xəbərlərin yayılmasının qarşısını almağa çalışdığını vurğulayıb.