Cəbhə xəttində baş verən son hadisələrdən sonra Türkiyə, Rusiya, İranla yanaşı Gürcüstan da münaqişənin həlli istiqamətində aktivlik nümayiş etdirir. Gürcüstan hökuməti Qarabağ münaqişəsinin tənzimlənməsi üçün tərəflərə vasitəçilik missiyasını təklif edib.
Gürcü baş naziri Georgi Kvirikaşvili bəyan edib ki, Gürcüstan hakimiyyəti Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə qədər vacib olduğunu dərk edir. O, təklif edib ki, Azərbaycana və Ermənistana sülh danışıqlarını Gürcüstanda aparsın.
Maraqlıdır, dördgünlük müharibədən sonra Gürcüstan niyə bu qədər aktiv mövqe nümayiş etdirir? Yaxud Tiflis kimin tərəfindədir?
Millət vəkili, politoloq Elman Nəsirovhesab edir ki, Gürcüstan regionda təhlükəsizlik baxımından münaqişənin həllinə maraqlıdır: "Mürəkkəb münaqişə ocağının qorunub saxlanması Cənubi Qafqaz ölkəsi kimi Gürcüstanın da maraqlarına ziddir. Çünki, Cənubi Qafqazda münaqişə alovlanarsa, bu mütləq Gürcüstanı da çatacaq. Nəzərə alsaq ki, Gürcüstan da anoloji problemi yaşayır. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapması Gürcüstanın da milli maraq və mənafeyinə uyğun məsələdir. Hesab edirəm ki, Gürcüstanın indiki vəziyyətdə fəallaşması bu amillə bağlıdır. Digər amil isə ondan ibarətdir ki, Gürcüstan münaqişənin tənzimlənməsi prosesində keyfiyyətcə yeni mərhələnin başladığının fərqindədir. Bu mərhələ konkret nəticələrlə yekunlaşa bilər. Rəsmi Tiflis istəyir ki, keyfiyyət anlamında dəyişikliklərdə Gürcüstanın da payı olsun”.
Deputat qeyd edib ki, sülhpərvər təklifə görə Gürcüstana yanlız təşəkkür düşür: "ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti – ABŞ, Rusiya, Fransa münaqişəni həll edə bilmirlərsə, Gürcüstanın vasitəçilik missiyası ilə buna nail olunacağını düşünmək məsələyə səthi yanaşmaq olardı. Yəni, münaqişənin həlli missiyasını ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti həyata keçirir. Gürcüstanın bu məsələdə Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığı prinsipini birmənalı dəstəkləməsi əslində münaqişənin tənzimlənməsi prosesinə ən böyük töhfədir”.
E.Nəsirov qeyd edib ki, hazırda münaqişənin tənzilmlənməsi istiqamətində Rusiya böyük fəallığı ilə seçilir: "İşğalçı Ermənistana ən böyük təsir imkanına malik dövlət Rusiyadır. Hesab edirəm ki, tənzimlənmə prosesində Rusiya amili həlledici amil ola bilər. Gürcüstanın bu təşəbbüsü təqdirəlayiqdir. Amma bu təşəbbüsün ardınca yanlız ərazi bütövlüyü prinsipini qabartması, dəstəkləməsi Gürcüstanın prosesə ən böyük töhfəsi kimi dəyərləndirilə bilər”.