"Türkiyə regionun enerji xabına çevrilməyə çalışır”. "Türk axını”
layihəsinin gələcək perspektivi barədə "Sabahinfo”nun sualını cavablandıran
iqtisadçı-eskpert Natiq Cəfərli belə bir fikirlə çıxış edib. N.Cəfərli
hökumətin Avropaya gedən enerji xətlərinin Türkiyə üzərindən keçməsinə
çalışdığını da vurğulayıb: "Bu Türkiyəyə enerji bazarında mühüm rol
oynamağa, tranzitdən xeyli gəlir əldə etməyə dəstək olacaq. Həm də
Türkiyənin enerji təhlükəsizliyinin mühüm elementinə çevriləcək. Buna
görə də, Ankara Azərbaycan, Rusiyadan olan təklifləri normal qarşılayır,
həmçinin İran və İraqla danışıqlar aparır ki, enerji daşıyıcılarının
Türkiyə üzərindən Avropaya çatdırılmasına nail olsun. Lakin "Türk
axını”nın qarşısında müəyyən problemlər var. Məsələn, Avropa İttifaqı
yaxınlarda yeni üçüncü Enerji Xartiyasını qəbul etdi. Xartiyanın
tələblərindən biri odur ki, istehsalçı ölkə, yaxud şirkətə Avropada
birbaşa satışa icazə verilməyəcək. Digər yandan Aİ Avropa dövlətlərinə
qaz satan şirkət, yaxud ölkələrin müxtəlif qiymət təkliflərinə qarşıdır.
Məsələn, Rusiya hər bir ölkəyə xüsusi qiymət strategiyası tətbiq
edirdi, bununla da Avropa dövlətlərinə də özünə loyal münasibətlər
qazandırdı. Bu isə, Aİ-ni narahat edirdi”. Natiq Cəfərli qeyd edib ki,
"Türk axını”nın gələcəkdə realizə olunmasının əsas problemi layihənin
üçüncü Enerji Xartiyasına uyğun olub-olmamasının Aİ-nin təsdiqləməsi
olacaq. Ekspertin sözlərinə görə, ilin sonunadək bununla bağlı
ekspertiza rəyi hazır olacaq: ""Türk axını”nın gələcək taleyi də bundan
asılıdır. Ya xətt Türkiyə üzərindən Yunanıstana keçməklə öz işini bitmiş
hesab edəcək, ya da Aİ bunu təsdiq edəcək və "Türk axını” Yunanıstan
üzərindən qazı Avropa bazarına çıxara biləcək. Layihənin reallaşması
mümkündür. Çünki Rusiyanın kifayət qədər qaz ehtiyatları var. Rusiyanın
məqsədi Ukraynadan keçmədən qazını Avropaya çıxarmaqdır. Rusiyanın qazı
var, Avropa da qaz almaq istəyir. Türkiyə isə, xab ölkə olaraq bu
layihələrdə təsirli rol oynamağa çalışır. Nəticədə qarşılıqlı
güzəştlərlə "Türk axını”nın reallaşmasını görəcəyik. Lakin layihə
Azərbaycana müəyyən problemlər yaradır. Çünki Azərbaycanın təklif etdiyi
TAP və TANAP layihəsi də, eyni marşrut üzrə qazın Avropaya
çatdırılmasını nəzərdə tutur. Bu da gələcəkdə bu iki layihənin
toqquşmasına gətirib çıxara bilər. Baxmayaraq ki, Azərbaycanın təklif
etdiyi qazın miqdarı azdır, cəmi 10 milyard kubmetrdir. Rusiya "Türk
axını” vasitəsilə ildə 46-50 milyard kubmetr qaz təklif edir.
Nəticələrin bu cür olmasına baxmayaraq, eyni marşrut olduğu üçün müəyyən
dərəcədə rəqabət olacaq, bu da gələcəkdə qazın qiymətinin aşağı
enməsilə nəticələnəcək”.