Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayının keçiriləcəyi və partiyanın sabiq sədri, keçmiş baş nazir Əhməd Davudoğlunun növbəti dəfə namizədliyini irəli sürməyəcəyi gözlənilirdi. Nəhayət qurultay baş tutdu və Ə.Davudoğlu ilə bağlı yayılan xəbər də özünü doğrultdu. Bu dəfə partiyanın sədri postuna nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ, energetika və təbii sərvətlər naziri Berat Albayrak və Numan Kurtulmuş ilə Mehmet Əli Şahinin olması barədə xəbərlər yayıldı. Mayın 19-da AKP nümayəndəsi Ömər Çelik TRT telekanalına açıqlamasında bildirdi ki, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri B.Yıldırım hakim partiyasının sədri vəzifəsinə yeganə namizəddir. Mayın 22-də AKP-nin fövqəladə toplantısı keçirildi və B.Yıldırım qurultay iştirakçılarının 1405 nəfərinin səsini alaraq hakim partiyanın yeni sədri seçildi. Beləliklə də B.Yıldırım hakim partiya sədri olmaqla bərabər, həmçinin Türkiyənin yeni Baş naziri oldu. Qardaş ölkədəki iqtidar partiyasında seçkilər, Konstitusiya dəyişikliyi, deputatların toxunulmazlığının ləğvi, Ankara-Moskva münasibətləri, Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü və sair məsələlərlə bağlı "Kaspi"nin suallarını "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, mayın 22-də AKP-də yeni seçkilər keçirildi və B.Yıldırım yeni partiya sədri oldu. Sabiq baş nazir Ə.Davudoğlunun istefası və seçkilər gözlənilmədən baş verdi, yoxsa bu barədə ehtimallar əvvəldən var idi?
- Əhməd Davudoğlunun istefası ilə əlaqədar müxtəlif versiyalar var. Mənim fikrimcə, Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərdoğan ölkəni prezident respublikasına çevirmək istəyir. Amma Davudoğlu bu işdə bir qədər lənglik nümayiş etdirir. Bu isə Ərdoğanın xoşuna gəlmirdi. Ərdoğan gözləyirdi ki, Davudoğlu bu məsələni parlamentdə qaldırsın və hədəfə çatsın. Lakin sabiq baş nazir bu məsələdə bir qədər istəksiz davranırdı. Bununla yanaşı, Əhməd Davudoğlu baş nazir olarkən irəli sürdüyü konsepsiyada "güclü Prezident-güclü Baş nazir" tezisini irəli sürmüşdü. Bu da Ərdoğanı qane etmir, onun konsepsiyasına cavab vermirdi. Çünki, əgər ölkəni prezident respublikasına çevirmək əsas hədəfdirsə, burada söhbət yalnız güclü prezidentdən gedə bilər. Düşünürəm ki, Davudoğlunun istefaya göndərilməsində əsas arqument bu idi. Digər bir arqumentə görə, Davudoğlunun istefaya getməsinə təsir edən amillərdən biri Avropa İttifaqı ilə danışıqlarda onun bəzi tezislərlə razılaşması idi. Ərdoğan isə düşünürdü ki, Avropa İttifaqının irəli sürdüyü bəzi şərtləri bu şəkildə yerinə yetirmək düzgün deyil. Misal üçün, viza məsələsində sanki Davudoğlu Brüssellə razılaşmışdı. Hətta bunu Davudoğlunun uğuru da hesab edirdilər, ehtimal olunurdu ki, yay ayında viza rejimi götürüləcək. Lakin indi bəlli olur ki, bu məsələ həllini tapmır. Avropa İttifaqı vaxtı uzadır, əlavə şərtlər irəli sürür, hətta Türkiyənin terrorla mübarizə qanununun yumşaldılmasını tələb edir. Halbuki, əvvəllər belə bir şərt yox idi. Bu da Ərdoğanı özündən çıxaran məsələdir və fikrimcə, bu amil də Davudoğlunun istefasına səbəb olan amillərdən biridir. Hadisələrə bir qədər real baxsaq, Davudoğlunun daxili və xarici siyasətdə ciddi uğur qazanmadığını da müşahidə edə bilərik. Bəlkə də obyektiv səbəblərdən Davudoğlunun vaxtında Türkiyənin Rusiya və Suriya ilə münasibətləri korlandı. Halbuki, onun nəzəriyyəsində qonşularla "0" problem məsələsi öndə idi. Bu nəzəriyyə işləmədi. Daxili siyasətdə də vəziyyət gərginləşdi. PKK, İŞİD-lə savaş, İstanbul və Ankarada partlayışlar Davudoğlunun reytinqinə təsir edən amillərdən oldu. Ən sonda prezident Ərdoğan işarə ilə Davudoğluna anlatdı ki, artıq istefaya getmək vaxtıdır. Necə ki, Davudoğlu Ərdoğanın bir işarəsi ilə baş nazir seçilmişdi, indi də onun ikinci işarəsi ilə istefaya getmək məcburiyyətində qaldı. Yeni baş nazir Binəli Yıldırıma gəlincə, namizədliyinin irəli sürülməsinə səbəb onun Davudoğludan fərqli olaraq nəzəriyyəçi deyil, texnokrat - icraçı olmasıdır. Binəli Yıldırımın Davudoğlu kimi böyük siyasi hədəfləri yoxdur. O, mühəndis kimi işini yaxşı görür, yollar, körpülər, hava limanları tikir və bu işlərdə Türkiyə çox irəli gedib. Ərdoğana da məhz belə bir baş nazir lazımdır ki, siyasətə çox da müdaxilə etməsin, yalnız iqtisadiyyatla, təsərrüfatla məşğul olsun. Binəli Yıldırım da məhz belə baş nazir olacağını vəd verib. Əks təqdirdə o, da Davudoğlunun taleyini yaşaya bilər. Binəli Yıldırım srağagün keçirilən qurultayda da bəyan etdi ki, Konstitusiyaya dəyişiklik edilməsi üçün var gücü ilə çalışacaq. Elə prezident Ərdoğana da bu lazımdır.
- Konstitusiya dəyişikliyinin edilməsi, Türkiyənin prezident respublikasına çevrilməsi qardaş ölkənin daxili və xarici siyasətinə, regiondakı nüfuzuna necə təsir göstərə bilər?
- Ərdoğan çox istərdi ki, Konstitusiyaya dəyişiklik parlamentdə baş versin. Lakin burada ona 364 səs lazımdır. AKP-nin isə 317 səsi var. Bu məsələni referenduma çıxarmaq Ərdoğan üçün ikinci yoldur. Bunun üçün də ona 330 səs lazımdır. Bu qədər səs sayı da yoxdur AKP-də. Mümkündür ki, o, MHP ilə müəyyən sövdələşməyə getsin. Yaxud, AKP-nin başqa bir planı da ola bilər. Misal üçün, sorğular onu göstərir ki, AKP-nin reytinqi artır. Əgər vaxtından əvvəl seçkilər təyin edilsə, mümkündür ki, kürdlərin partiyası parlamentə düşməsin. Bu da AKP-yə əlavə səs gətirir. Belə olarsa, AKP Konstitusiya dəyişikliyini parlamentdə həll edə biləcək. Konstitusiyaya dəyişikliyin zəruri olub-olmamasına gəlincə, Prezident Ərdoğan düşünür ki, indiki sistemlə Türkiyəni irəli aparmaq çətindir. Prezidentin mütləq daha böyük səlahiyyətləri olmalıdır. Bunun üçün ABŞ, Fransa və sair kimi dünyanın bir çox ölkələri nümunə gətirilir. Lakin biz indidən proqnoz verə bilmərik ki, Türkiyə parlament respublikasından prezident üsul-idarəsinə keçəcəyi təqdirdə, bu, qardaş ölkə üçün nə qədər uğurlu olacaq. İndi təkpartiyalı hökumət, güclü prezident var. Düşündürücüdür ki, koalision hökumət olsaydı hadisələr necə inkişaf edərdi. Ancaq bu da faktdır ki, koalision hökumətlər Türkiyəyə heç zaman uğur gətirməyiblər. Bu yanaşmada Ərdoğan bir qədər haqlıdır. 1990-cı illərdə Türkiyədə cərəyan edən hadisələr göz qabağındadır. O zaman bir-birləri ilə didişənlər, iqtisadiyyatda xaos, siyasi problemlər və sair baş verirdi. Ona görə də Ərdoğan Konstitusiyanı dəyişir ki, hətta parlamentdə koalision olsa da, güclü prezident olsun, ölkə düzgün idarə oluna bilsin. Məhz bu səbəbdən Ərdoğan Türkiyəni prezident respublikasına çevirməyi qarşısına hədəf qoyub. Düşünürəm ki, o, yaxın illərdə bu hədəfinə çatacaq.
- Siz birinci suala cavabınızda Türkiyənin Aİ-na daxil olması ilə əlaqədar məqama toxundunuz. Qeyd edim ki, bu günlərdə Böyük Britaniyanın baş naziri Devid Kameron Türkiyənin Aİ-na üzvlüklə bağlı 1987-ci ildə müraciət etdiyini xatırladıb. Əlavə edib ki, üzvlük istiqamətində bugünkü irəliləyişə baxılsa, Türkiyənin təxminən 3000-ci ildə Aİ-na üzv olmasını proqnozlaşdırmaq olar. Sizcə, bu cür açıq və aşağılayıcı mövqedən sonra Türkiyə yenə də Aİ-na üzv olmağa can atmalıdırmı?
- Böyük Britaniyanın baş naziri sanki başını itirib. Bu yaxınlarda o, kraliça ilə söhbətdə ağzından qaçırtdı ki, dünyanın iki korrupsiyalaşmış ölkəsindən biri Nigeriya, digəri Əfqanıstandır. Həmin vaxt mikrofonlar açıq olduğundan hər kəs bunu eşitdi. Bu mövqeyin özü də həmin iki dövləti aşağılamaq deməkdir. Onsuz da hamı bilir ki, korrupsiyanın səviyyəsi ilə əlaqədar cədvəllərdə Nigeriya və Əfqanıstanın yeri yaxşı deyil. Lakin heç kim bunu açıq tonda səsləndirmir. Əksinə, hazırda böyük dövlətlər Əfqanıstana yardım edir, bu ölkədə iqtisadiyyatı dirçəltməyə, "Taliban"ı neytrallaşdırmağa çalışırlar. Devid Kameron başını ona görə itirib ki, ölkəsi 23 iyun tarixində referenduma getməlidir. Səsvermənin nəticəsinə uyğun olaraq, Böyük Britaniya Avropa İttifaqında ya qalacaq, ya da çıxacaq. Proqnozlara görə, lehinə və əleyhinə olan səslər faktiki olaraq bərabərdir. Kameron vəd verib ki, ölkəsini Avropa İttifaqında saxlamağa çalışacaq. Amma hələlik buna nail olduğunu söyləmək çətindir. Ona qarşı bu məsələdə ciddi təbliğat var. Bütün bunlar bir tərəfə qalsın, anlaşılmaz məqam burasıdır ki, Türkiyənin Avropa İttifaqına üzv olması məsələsində bu günə qədər rəsmi Ankaraya digər Avropa dövlətlərindən çox, Böyük Britaniya dəstək verirdi. Ancaq birdən-birə britaniyalı baş nazirin fərqli açıqlama verməsi Böyük Britaniya və Türkiyə arasında münasibətlərin korlanmasına gətirib çıxarır. Bu baxımdan, Devid Kameronun son açıqlamasını Türkiyə üçün aşağılayıcı ifadə kimi qəbul edirəm. Necə olur, Türkiyə irəli sürülən bir çox şərtləri yerinə yetirir, hətta miqrant məsələsində kömək üçün ona yalvarırlar, ancaq üzvlüklə bağlı məsələ gündəmə gələndə böyük bir tarix göstərilir? Bu mesaj ondan ibarətdir ki, biz Türkiyənin Avropa İttifaqına daxil olmasına imkan verməyəcəyik. Ən nəhayət, 23 iyun tarixində referendumun nəticələrinə görə Böyük Britaniya Avropa İttifaqından çıxacaqsa, Devid Kameronun hansı haqqı var ki, Türkiyəyə bu məsələdə yol göstərsin?
- Türkiyə Böyük Millət Məclisi mayın 20-də millət vəkili toxunulmazlığının ləğvi haqqında Konstitusiya dəyişikliyi təklifini qəbul edib. Belə bir dəyişikliyin edilməsi hansı zərurətdən yaranıb?
- Belə bir dəyişikliyə zəruri ehtiyac PKK terror təşkilatı ilə gedən mübarizədə yarandı. Bu günə qədər bir sıra hallarda bu məsələ gündəmə gətirilib. Hətta müxalifət də bu barədə hökumətdən tələb edib ki, deputat toxunulmazlığı ləğv edilsin. Ancaq PKK ilə savaş bu məsələni zərurətə çevirdi. Çünki terror təşkilatının siyasi qolu sayılan Xalqların Demokratiya Partiyasının (HDP) Böyük Millət Məclisində olan nümayəndələri PKK ilə öz aralarında bir məsafə qoymadılar. Onlar açıq-aşkar PKK-ya dəstək verirdilər. Təsəvvür edin, PKK terror təşkilatının üzvü terror aktı törədərək Türkiyədə çoxsaylı günahsız insanları, hərbçiləri qətlə yetirirdi, dövlət bu "canlı bombalar"ın terrorçu olduğunu bəyan edirdi. HDP millət vəkilləri isə dövlətin əleyhinə olaraq həmin terrorçulara dəstək verir, siyasi çağırışlar edir, hətta onların yas mərasimində iştirak edir, onları qəhrəman kimi təqdim edirdilər. Bu vəziyyət dözülməz həddə çatmışdı. Ona görə də Prezident Ərdoğan, hakim AKP qərar qəbul etdi ki, belə vəziyyətlə barışmaq olmaz. Çünki, cəmiyyət də bununla bağlı sərt tələblər irəli sürürdü. Ona görə də deputatların toxunulmazlığı ləğv edildi. Maraqlı bir faktı da xatırladım ki, Türkiyədə prokurorluq orqanları tərəfindən indiyə qədər 138 millət vəkili haqqında cinayət işi açılıb. Lakin deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar bu işlər üzrə istintaq apara bilmirdilər. Son dəyişiklikdən sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq. Hətta yaxın günlərdə PKK terror təşkilatının siyasi qolu sayılan HDP bəzi millət vəkillərinin istintaqa cəlb olunacaqları da gözlənilir.
- Ə.Davudoğlunun istefasının ardınca Moskva-Ankara arasındakı "buzları" əritmək üçün Rusiyanın artıq hərəkətə keçdiyi, Kreml rəhbərliyinin Türkiyəyə böyük bir nümayəndə heyəti göndərdiyi barədə xəbərlər yayılmaqdadır. Deyilənlər nə dərəcədə doğrudur? Yeni baş nazir B.Yıldırım Rusiya-Türkiyə münasibətlərini əvvəlki məcrasına qaytara biləcəkmi?
- Düşünmürəm ki, Davudoğlunun istefasından sonra Türkiyə-Rusiya münasibətləri anındaca düzələ bilər. Rusiyanın dövlət kanalları hazırda Türkiyə və Ərdoğan əleyhinə təbliğatı davam etdirirlər. Bu fakt da deməyə əsas verir ki, Davudoğlunun Binəli Yıldırımla əvəzlənməsi iki ölkə arasında münasibətləri düzəltməyə yetmir. Hətta dəvət edilməsinə rəğmən Rusiya prezidenti Putin İstanbulda keçirilən Dünya Humanitar Sammitinə qatılmadı. Bu fakt iki ölkə arasında münasibətlərin tezliklə düzəlməyəcəyinə bir işarədir. Rusiya prezidenti bu tədbirə çox aşağı səviyyəli nümayəndə heyəti göndərib. Rusiya mediası Davudoğludan çox Ərdoğanı hədəf götürüb. Onu sultan adlandırır, Türkiyəni diktaturaya apardığını, Suriyada İŞİD-ə dəstək verdiyini və sairi qeyd edirlər. Fikrimcə, Türkiyə-Rusiya münasibətləri o zaman normal olacaq ki, hər iki ölkədə hakimiyyət dəyişikliyi baş verəcək.sabahinfo.az