Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması diplomatik tərəfdən tam işlənmiş, hazırlıq görülmüş əməliyyatdır. Əsas məqsəd odur ki, Cerablus məntəqəsi həm İŞİD, həm də kürd terror təşkilatlarının Türkiyəyə qarşı böyük bazasına çevrilməsin. Cerablus Suriyadakı hadisələrlə bağlı Türkiyə üçün ən mühüm strateji nöqtədir. Terrorçular oradan Suriyaya hücum əməliyyatları həyata keçirə bilirdilər. Ona görə də uzun müddət müharibəyə cəlb olunmaması mövqeyindən əl çəkib məcbur oldu ki, bu məsələyə müdaxilə etsin.
Bunu Milli.Az-a açıqlamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Türkiyə ordusunun avqustun 24-də Suriyanın şimalında İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə onsuz da dolayısı ilə Suriyada baş verən münaqişəyə cəlb olunmuşdu. İnsanlar sərhədi keçib Suriyadan Türkiyəyə gedirdilər, qaçaqmalçılıq halları var idi, atışmalar olurdu, Türkiyə ərazisinə mərmilər düşürdü.
E.Ələsgərov hesab edir ki, əməliyyatın məhz indi həyata keçirilməsinə isə xarici imkanlar rəvac verib: "Birincisi, məsələ Rusiya ilə razılaşdırılıb. Çünki Rusiya Suriyanın hava ərazisinə nəzarət edir. Əgər Türkiyə məsələyə razılaşmadan qarışsaydı, ordu havadan bombardman edilə bilərdi. Hərbi əməliyyatlara başlanan bölgədə isə türkmənlər yaşayırlar. İkincisi, ehtimal ki, Suriyanın hakimiyyət dairələri ilə danışıqlar olub və bildirilib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır və onun pozulmasına razı deyil. Çünki belə bir məlumat yayılmışdı ki, Türkiyənin Milli İstihbarat Təşkilatının yüksək vəzifəli əməkdaşları Suriyaya səfər ediblər və bu əməliyyatı razılaşdırıblar. Üçüncüsü, hətta İraqdan Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani də Ankaraya dəvət olunmuşdu. Çox güman ki, İraqdakı kürdlər də PKK-ya qarşı çıxış edirlər və terroru dəstəkləmirlər. Hər halda onlar da bu əməliyyata müsbət reaksiya veriblər. Dürdüncüsü, güman ki, İran da bu məsələyə "yox" deməyib. Beşincisi, ehtimal edirəm ki, bu məsələ ABŞ-la da razılaşdırılıb. Çünki Amerika da bəzi məsələlərdə Türkiyənin mövqeyini hesaba almalıdır və alır. Ona görə də bu, öncədən hərtərəfli razılaşdırılmış və həyata keçirilmiş əməliyyatdır".
Ekspertin fikrincə, Türkiyə bu addımı atmağa məcbur olub: "Bu əməliyyat Cerablus və onun ətrafının Türkiyəyə qarşı çıxış edən terror qruplaşmaları tərəfindən ələ keçirilməsinin qarşısını almağa yönəlib. Əgər kürd terror qruplaşmaları Cerablusu ələ keçirsəydilər, böyük bir zolaq üzrə əraziyə nəzarət edəcəkdilər. Hətta bu zolaq Latakiya limanına kimi gedib çıxa bilər və kürd terror təşkilatları dənizə çıxış əldə edə bilərdilər. Fikrimcə, Türkiyə ordusunun bu əməliyyatı müsbət nəticələr verəcək. Çünki Türkiyə buna məcbur oldu. Türkiyə uzun müddət idi ki, hadisələri uzaqdan müşahidə edirdi və birbaşa müdaxilə etmirdi. İndi həmin məntəqəyə əl qoydu və heç kimə onu ələ keçirməyə imkan verməyəcək. Yəni bu əməliyyat konkret olaraq nə İŞİD-ə, nə kürdlərə qarşı deyil, ümumilikdə terrorizmə qarşı, terrorçuların böyük planlarını əngəlləmək üçün həyata keçirilib. Maraqlı fakt həm də ondan ibarətdir ki, İŞİD-in çoxlu, o cümlədən ayrıca kürd qrupları da var və siyasi baxımdan onlar eyni mövqedən çıxış etmirlər".