“Avrasiya məkanında gedən geosiyasi proseslərdə Azərbaycanın daha ciddi oyunçu rolunda çıxış etməsinə şahidlik etməkdəyik. Bölgədə marağı olan beynəlxalq güclər və ölkələr Azərbaycanın bu roluna önəm verərək sıx əməkdaşlığa can atırlar. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı geosiyasi, geoiqtisadi əməkdşalıq formatından öz maraqları naminə faydalanmağa çalışırlar. Bu baxımdan biz son vaxtlarda Mərkəzi Asiya ölkələrinin Azərbaycanla sıx əməkdaşlıq qurulması istiqamətində bir canlanmasını müşahidə etməkdəyik. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Bakıya səfərini Azərbaycanın yaratdığı geosiyasi reallıqlar prizmasından yanaşmaq lazımdır”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiya ölkələri regional və beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq etmir, eyni zamanda hər bir region ölkəsi ilə sıx ikitərəfli, çoxtərəfli formatlarda əməkdaşlıqları mövcuddur.
“Son aylarda isə biz daha çox Mərkəzi Asiya ölkələri ilə üçtərəfli Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Özbəkistan yeni əməkdaşlıq formatlarının yaranması istiqamətdə ciddi işlər gedir. Rusiya-Ukrayna müharibəsi Mərkəzi Asiya ölkələrinin Azərbaycanla əlaqəsini daha da sürətləndirir və zəruri edir. Bu da Azərbaycanın daha ciddi aktor rolunu oynayıb, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, bölgədəki proseslərə təsiri baxımdan mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.
Deputat əlavə edib ki, bu gün Azərbaycan Mərkəzi Asiya ölkələrinin Qərb, Şimali Afrika ilə həyati əhəmiyyət kəsb edən bir logistik bağlantı rolunu oynamaqdadır. “Azərbaycan da yaranmış vəziyyətdən həm ölkəmizin milli maraqları üçün faydalanıb, iqtisadi gücünün artması, həm də daha ciddi təsirə malik ölkə rolunu oynayıb, qarşıda duran hədəflərimizə nail olunmasına çalışır. O baxımdan da Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ən müxtəlif sahələrlə yanaşı, daha çox nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə diqqət yetirir. Bu məsələ Qazaxıstan prezidentinin Bakıya səfəri zamanı da ciddi müzakirə olunub və buna uyğun olaraq bir sıra sənədlər imzalanıb. Əsas diqqət isə Avrasiya məkanında yaranmış duruma uyğun olaraq nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirlməsinə yönəldilib. Azərbaycanla Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığı inkişaf etdimək üçün həm böyük potensial, həm də infrastruktur mövcuddur. Azərbaycan-Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq digər region ölkələri ilə əməkdaşlığın inkişafına, o cümlədən Orta Dəhlizin effektiv işləməsinə öz töhfəsini vermis olacaq. Bu eyni zamanda hazırda Azərbaycanın qarşısında duran hədəflərə nail olunmasına, xüsusən də Zəngəzur dəhlizinin reallaşmasının sürətləndirilməsinə gətirib çıxaracaq. Zəngəzur dəhlizinin reallaşması isə təkcə Cənubi Qafqazda sıx əməkdşalığa deyil, eyni zamanda dayanıqlı sülhün, sabitliyin yaranmasına, İrəvanla sülh sazişin imzalnmasına öz müsbət təsirini göstərəcək. Bu da nəticə etibarı ilə həm Türk dünyası ölkələri ilə inteqrasiya prosesinin dərinləşməsinə, əməkdaşlığın möhkəmlənməsinə, həm də Azərbaycanın dünyada söz sahibi ölkəyə çevrilməsinə gətirib çıxaracaq”- deputat bildirib.