"Bu gün ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi potensialla yanaşı iqtisadi imkanların daha da gücləndirilməsidir. Proseslərin təhlili göstərir ki, bu gün dünyamız yeni iqtisadi böhranın astanasındadır. Artıq dünyanın bir sıra ölkələri bu böhranın acı nəticələrini yaşayırlar".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, prosesi tətikləyən səbəblərdən biri neftin qiyməti ilə bağlı baş verən sıçrayışlardır: "Bu gün neftin qiymətində tez-tez baş verən titrəyişlər heç şübhəsiz ki, dünya iqtisadiyyatına, eyni zamanda ölkəmizin gəlirlərinə də ciddi təsir göstərir. Bu prosesin hələ bir müddət davam edəcəyi ilə bağlı proqnozlar dünya iqtisadiyyatına yaxşı heçnə vəd etmir. Baş verəcək növbəti böhrandan ölkəmizin sığortalanması və vətəndaşların ciddi əziyyət çəkməməsi üçün hazırda dövlət strukturları sistemli və ardıcıl addımlar atmağa davam edirlər. Heç şübhəsiz ki, bu siyasətin uğurla davam etdirilməsi üçün düzgün büdcə siyasəti və büdcə vəsaitlərinin səmərəli istifadəsi olduqca önəmlidir. Qarşıda duran ən mühüm vəzifələrdən biri də büdcə vəsaitlərdən düzgün və səmərəli istifadə, büdcədən yayınmaların qarşısının alınmasıdır. Bu isə öz növbəsində dövlətdən daha çevik, ardıcıl siyasətin və islahatların həyata keçirilməsini tələb edir. Bunu nəzərə alaraq Azərbaycanın müvafiq strukturları iqtisadiyyatın şaxələndirilməsi üçün real addımlar atır".