Sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda 125 dairədə 1054 namizəd deputat mandatı uğrunda mübarizə aparır. Onlar hakim Yeni Azərbaycan Partiyasını (YAP), müxalifəti və bitərəfləri təmsil edirlər. İqtidar partiyası bu seçkinin favoriti sayılır. Bununla yanaşı, 50-ə yaxın müxalif və bitərəf fəalın da parlamentdə təmsil olunacağı gözlənilir.
Sabahinfo.az xəbər verir ki, “Yeni Sabah” sentyabrın 1-də deputat mandatı qazancaq tanınmış müxalifətçilərin adlarını öyrənə bilib. Məlum olub ki, növbədənkənar parlament seçkilərində 10-dan çox müxalifət fəalının Milli Məclisdə təmsilçilik hüququ qazanmaq şansı var. Bu siyahıda ilk sırada namizədliyini 26 saylı Sabunçu seçki dairəsindən irəli sürülmüş Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın adı çəkilir. BQP sədrinin yenidən mandat qazanacağı heç kimdə şübhə doğurmur.
Mübarizəyə 36 saylı Xətai dördüncü seçki dairəsindən qoşulan ƏHD partiyasının sədri Qüdrət Həsənquliyev də bu seçkinin favoritlərindən sayılır. Onun da parlamentdə yerini qoruyacağına böyük əminlik var.
Hazırda 22 saylı Nəsimi-Yasamal seçki dairəsində də mandat uğrunda gərgin mübarizə gedir. Məlum olduğu kimi, bu dairədə 2 tanınmış müxalifət lideri - ReAL Partiyasının sədri İlqar Məmmədov və ADİP lideri Asim Mollazadə deputat mandatı uğrunda mübarizə aparır. Əldə etdiyimiz məlumata görə, bu dairədə Asim Mollazadə qalib elan olunacaq.
Mübarizəyə 81 saylı İmişli seçki dairəsindən qoşulan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin də marafondan qalib ayrılması gözlənilir.
Mandatını qoruyacaq müxalifətçilərin siyahısında ReAL funksioneri Erkin Qədirli də var.
Sentyabrın 1-dən sonra parlamentdə müxalifətdən olan yeni simaların da təmsil olunmaq ehtimal edilir. Namizədliyi 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürülmüş Müsavat Məclisinin sədri, BDU-nun professoru Nüşabə Sadıqlı rəqiblərindən daha şanslı görünür. Müxalifətçi professorun Milli Məclisin yeni tərkibində təmsil olunmaq şansı digər həmkarları ilə müqayisədə qat-qat yüksəkdir.
10 saylı Binəqədi seçki dairəsində də qalib müxalifət təmsilçisi olacaq. Hazırda bu dairədə müxalifətin 2 tanınmış siması – Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Müsavat başqanının müavini Razim Əmiraslanlı arasında gərgin mübarizə gedir.
Mübarizəyə 90 saylı Ağsu seçki dairəsindən qoşulan ƏHD Partiyasının namizədi, politoloq Elçin Mirzəbəylinin də qalib gəlmək şansı yüksəkdir.
Hazırda parlamentdə 3 deputatı olan Vətəndaş Həmrəyliyi Partiyası da qanunverici orqanda təmsilçiliyini davam etdirməkdə iddialı görünür. VHP növbədənkənar parlament seçkilərinə 20-dən artıq namizədlə qatılsa da, 2 nəfərin qalib gəlmək şansı yüksək qiymətləndirilir. 61 saylı Neftçala seçki dairəsindən namizədliyi irəli sürülmüş tanınmış ictimai xadim Tənzilə Rüstəmxanlının və vitse-spiker Fəzail İbrahimlinin VHP-yə 2 mandat qazandıracağı real görünür.