Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 3 344 pensiyaçının pensiyalarını yenidən hesablayaraq artırıb.
Bu barədə Sabahinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Həmin vətəndaşların pensiyalarına edilmiş bu artımlar üçün illik əlavə 4 milyon 662 min manat ayrılıb.
"Əmək pensiyaları haqqında" Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasına əlavə olunur.
Məqsəd işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunması, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin sosial sığorta sistemində aktiv iştirakının stimullaşdırılmasıdır.